Moskvada azərbaycanlıların da çalışdığı bütün bazarlar bağlanır

31 Oktyabr 2013 07:17 (UTC+04:00)

Rusiyada miqrantlara qarşı aparılan siyasət getdikcə daha radikal xarakter almaqdadır. Bu xüsusda mərkəzi hakimiyyət tərəfindən diqqət yetirilən əsas məqamlardan biri də miqrantların çalışdığı əsas məkan olan bazarların bağlanmasıdır. Qeyd edək ki, Moskvada daha 27 bazar ləğv ediləcək. Onu da bildirək ki, Moskvanın ən böyük meyvə-tərəvəz bazası sayılan "Pakrov" ticarət mərkəzi demək olar ki, işləmir.

Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi "Pakrov" meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən "Pakrov" meyvə-tərəvəz bazasının daxil olduğu "Novıe Çeryomuşki" QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində "Rospotrebnadzor" iştirak edib. "Rospotrebnadzor"un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib. "Pakrov" bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.

Bu bazanın bağlanmasından sonra paytaxt ətrafındakı digər bazarlara axın edən həmyerlilərimiz getdikləri yerlərdə də çətinliklərlə qarşılaşırlar. Belə ki, "Sadavod" və "Yujniye Vorota" bazarları da başlatılan miqrant reydləri nəticəsində bağlanmaq təhlükəsi ilə üz üzə qalıb. 20 il əvvəl tikilərək istifadəyə verilən "Kaçalovo" bazarı isə artıq sadəcə yük avtomobillərinin dayanacağı kimi fəaliyyət göstərir. Yuxarıda qeyd olunduğu kimi isə Moskavada daha 27 bazar ləğv ediləcək. Bununla bağlı qərarı Moskva meriyasi verib. Ləğv edilən bazarların yerində isə çoxyaruslu avtomobil dayancaqları, ticarət mərkəzləri və nəqliyyat qovşaqları inşa ediləcək. 2015-ci ilə qədər şəhərdə cəmi bir bazar qalacaq. Nəqliyyat qovşaği isə "Vixino" metro stansiyası yaxınlığında yerləşən meyvə - tərəvəz bazasının yerində tikiləcək. Bundan əlavə daha 3 bazar qida istehsalı ilə məşğul olan müəssisələrlə əvəz ediləcək. 12 obyektin yerində isə ticarət mərkəzi tikiləcək ki, bunun da ümumi sahəsi 320 min kvadrat metrdir. Hazırda iki obyektdə - lokomotiv keçidində və Moskva dairəvi avtomobil yolunun 8-ci kilometrliyində artiq tikinti işlərinə başlanıb. Qeyd edək ki, ticarət mərkəzlərinin inşası üçün ayrılan investisya 400 milyon dollar həcmində qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Moskvada 57 bazar mövcuddur. Kənd təsərrüfat bazarlarinin 27-si qeyri əsaslı, 30-u isə əsaslı tikililərdə yerləşir. "Şimal", "Koptevski" və "Lyublinski" bazarlari üçün artiq investorlar tapilib. Bazarlarin ləğv edilməsi prosesinin sürətləndirilməsinə əsas səbəb "Matveyev" bazarinda baş verən insident və Qərbi Brilyovadaki hadisələr olub. Bir məqamı da qeyd edək ki, Rusiyada miqrantlara qarşı hücumlar, bazarların bağlanması ölkənin özünün də iqtisadiyyatı üçün ciddi təhlükələr yaradıb. Araşdırmalara görə, 1998-ci ildə Moskvada 242 bazar fəaliyyət göstərsə də hazırda onlardan 57-si qalıb.

Hələ "Çerkizov" bazarı bağlanarkən ortaqlardan ikisi Zarah İliyev və Qod Nissanov "Sadovod" və "Moskva" Ticarət mərkəzini yaratdılar. İndilikdə isə qeyd olunduğu kimi "Sadovod" bazarı da ciddi təhlükə qarşısındadır. Lakin pərakəndə bazarlar Moskvanın pərakəndə ticarət dövriyyəsinin 20 faizini təşkil edir. O da qeyd edilir ki, bazarların bağlanması bu sahədə monopoloyanın daralmasına gətirib çıxarıb. Hazırda "Pakrov" meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlılar yeni salınmış bazarda işləyir. Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində "Cənub qapısı" deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün indilikdə lazımi şərait yaradılıb. Lakin yuxarıda qeyd olunduğu kimi bu bazar da müvəqqətidir. Belə vəziyyətəd rusiyad bazarlarında çalışan soydaşlarımızın geri dönmək məburiyyətində qalacağını indidən prolqnozlaşdırmaq olar. Lakin digər ölkələrə də üz tutanların olacağı gözlənir. Qorşev adına İnstitutun eksperti Vladimir Zastava hesab edir ki, əgər azad ticarət zonası yaradılsa və Avropa İttifaqı ölkələri ilə vizasız rejim tətbiq olunsa, onda Ukrayna yaxın ölkələrdən gələn əmək miqrantları üçün sərfəli əmək bazarına çevriləcək.

O, bunu onunla izah edir ki, ukraynalılar kütləvi halda iş axtarmaq üçün Avropa İttifaqı ölkələrinə gedəcək və dövlətdə bu zaman çoxlu iş yerləri azad olacaq. Bundan başqa, ekspertlər inanırlar ki, Gömrük İttifaqından sərmayədarlar böyük bir ehtimalla öz istehsalat müəssisələrini Ukrayna ərazisində açmaq istəyəcəklər. Bununla yanaşı, əmək miqrasiyası mərkəzinin inkişaf etməsi hələ uzaq məsələdir. Konkert azərbaycanlılara gəlincə, onların elə Azərbaycanda da işlə təmin olunmasında ciddi problem gözlənilmir. Çünki ölkədə yaşanan iqtisadi inkişaf yeni iş yerlərinin açılması ilə müşayiət olunur. Hazırda bu iş yerləri Azərbaycanın özünə də xaricdən çoxsaylı miqrant cəlb edir.