Fransa yenə ermənipərəstliyindən əl çəkmir

31 Oktyabr 2013 10:04 (UTC+04:00)



Həmsədr ölkələrdən Fransa bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həllində birtərəfli mövqe ilə yadda qaldı. Ölkənin Ermənistandakı səfiri Anri Reynaud İrəvanda keçirilən mətbuat konfransında belə bir fikir səsləndirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirak etməsi barədə düşünür: "Fikirləşirəm ki, Azərbaycan və Ermənistan Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi barədə qərar verməlidirlər". Xatırladaq ki, oxşar bəyanatlarla Fransanın Ermənistanda olan əvvəlki səfirləri də çıxış ediblər. Ancaq bunun qeyri-mümkün olması hamıya bəllidir. Siyasi təhlilçilərin fikrincə, həmsədr ölkənin səfirinin bu cür çıxışı ölkəsinin birtərəfli mövqedə durmasından xəbər verir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın Dağlıq Qarabağla bağlı bəyanatında ifadə etdiyi fikirlərin obyektiv olduğunu söyləmək mümkün deyil: "Hər hansı münaqişənin həllində vasitəçilik edən dövlət tərəfsiz qalmalıdır. Amma ənənəvi olaraq Fransa hökumətinin bu məsələdə birtərəfli mövqe tutduğunu hamımız bilirik. Ona görə də səfir Anri Reynaudun belə bir bəyanat verməsi heç də təəccüblü görünməməlidir.
Bu, daha çox erməni ictimai rəyinə yönəlik bəyanatdır. Çünki, belə bir bəyanatın verilməsi bu gün Ermənistanda hakim partiyanın ictimaiyyətin gözündə daha da yaxşılaşdırmaq, legitimləşdirmək cəhdi kimi dəyərləndirmək olar. Fransa belə məsələlərdə heç vaxt diplomatik qaydalara tam olaraq əməl etmir. Həmsədr ölkənin diplomatik təmsilçisinin belə bir məsuliyyətsiz bəyanat verməsi yolverilməzdir. Amma Anri
Reynaudun belə bir bəyanat verməsi o demək deyil ki, həmsədr və münaqişəyə cəlb olunan ölkələr bu barədə razılığa gəliblər. Bu, Anri Reynaudun şəxsi fikri də ola bilər. Amma həmsədr ölkənin səfiri kimi belə bir fikir səsləndirməsi bəzi suallar yaradır. Əslində, yeni fikir də deyil. Zaman-zaman həmsədr ölkələrdən buna oxşar bəyanatlar səslənib".

Politoloq bildirdi ki, bu günə qədər Dağlıq Qarabağdakı separtçı rejimin problemin sülh yolu ilə həll edilməsi üçün keçrilən görüşlərə qatılmaması Azərbaycanın bir nailiyyətidir: "Əlbəttə, Azərbaycan uyğun gördüyü zaman, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan ilə müyyən irəliləyişlər əldə etdikdən sonra Dağlıq Qarabağ erməni icması, azərbaycanlı icma ilə birgə müəyyən bir formatda danışıqlarda iştirak edə bilər. Ancaq hazırki şəraitdə Dağlıq Qarabağ erməni icmasının problemin sülh yolu ilə həll edilməsi üçün keçirilən görüşlərdə tərəf kimi iştirak etməsi mümkün deyil. Bunun heç yaxın və orta gələcəkdə mümkün olacağı zənn edilmir".

Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı bildirir ki, həmsədrlərin nümayəndələri vaxtaşırı ermənipərəst mövqedə dayanıblar: "Zaman-zaman hansısa aşağı ranqlı məmurun dilindən belə fikirlər səsləndirilir. Bu da bir növ kəşfiyyat xarakteri daşıyır. Həm Azərbaycanda reaksiyanı yoxlamaq istəyirlər, həm də bu fikrin mümkün olduğunu ictimai rəyə yeritməyə çalışırlar. Ermənistanda Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsini çoxdan Minsk Qrupunun qarşısında tələb kimi qoyurlar. Hər dəfə həmsədr ölkələr çalışırlar ki, Ermənistanın istəklərini yerinə yetirsinlər. Deyirlər ki, guya 1997- ci ilə qədər Dağlıq Qarabağ danışıqlarda tərəf kimi çıxış edib. Amma tamamilə yalandır. Minsk Qrupunun formatı formalaşanda Azərbaycan və Ermənistan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbacanlı icması isə maraqlı tərəflər kimi iştirak ediblər. Ondan sonra heç bir iştirak olmayıb. Ona görə də hazırda Fransa diplomatı öz mövqeyinə aydınlıq gətirməlidir. Bununla bağlı Azərbaycan Fransaya nota göndərməlidir. Çünki, Anri Reynaud rəsmi bir şəxsdir. Bu məsələyə ən azından təzyiq göstərilməlidir ki, bir daha belə bir fikir səsləndirilməsin".