Son 6 ildə 500-ə yaxın tibb müəssisəsi açılıb

31 Oktyabr 2013 11:38 (UTC+04:00)

Bu gün Azərbaycanda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılışı olub.


Movqe.az xəbər verir ki, mərasimdə səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək deyib ki, sərginin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.


Nazir müavini sərginin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu sərgiyə 17 ölkədən 116 şirkət qatılıb. E.Ağayev bunların arasında xarici ölkələrin iri tibb müəssisələrinin və ixtisaslaşmış şirkətlərin olduğunu söyləyib:


"Sərgiyə gələn qonaqlar da görürlər ki, Azərbaycanın paytaxı nə qədər inkişaf edib. Təbii ki, səhiyyəmiz də gündən-günə inkişaf edir. Bu Səhiyyə Nazirliyi olaraq bizi sevindirir. Son 6 ildə 500-ə yaxın tibb müəssisəsi açılıb, yaxud əsaslı təmir edilərək, müasir avadanlıqlarla təmin edilib".


Daha sonra Azərbaycan Stomoloji Assosasiyasının sədri Rəna Əliyeva sərgi ilə bağlı öz fikirlərini bölüşüb.


"Sərgidə 17 ölkədən 120-dən çox nümayəndə iştirak edir. İlk dəfə olaraq sərgi çərçivəsində Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə tibbi turizm sektoru nümayiş olunacaq. Bu sektor dünyanın 20-dən artıq müxtəlif klinikasını özündə birləşdirəcək".


Sərgiyə qatılan xarici qonaqlar da bu haqda öz fikirlərini bildiriblər.

Onlar da sərginin yüksək səviyyədə təşkil edildiyini bildiriblər.


Qeyd edək ki, bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə debüt edir. Stenddə Çexiyanın 10 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, tibb bacıları ilə pasiyentlər arasında rabitə üçün avadanlıqlar, xilasetmə avadanlıqları və təcili tibbi yardım vasitələri, habelə klinikalar üçün mebel təqdim edəcək.


Sərgi öz işini noyabrın 2-də yekunlaşdıracaq.