Elsəvər Ağayev: “Azərbaycanda qeysəriyyə əməliyyatları ilə bağlı sui-istifadəyə başlanıb”

31 Oktyabr 2013 12:32 (UTC+04:00)

"Ümumiyyətlə qeysəriyyə əməliyyatı ilə bağlı standartlar var ki, bu standartlara görə, doğuşların 16 faizə qədər qeysəriyyə əməliyyatı ilə aparıla bilər. Bu dünyada qəbul olunmuş normadır. Əfsuslar olsun ki, son zamanlar bundan bir qədər sui-istifadəyə başlanıb" . Movqe.az xəbər verir ki, bu məlumatı bu gün jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini deyib ki, bu sui- istifadə bir tərəfdən həkimlər tərəfindən idisə, digər tərəfdən doğuşa gələnlərin özləri tərəfindən buna müraciət halları çoxalmışdı: "Ancaq düşünürəm ki, yalnız tibbi göstərişin olduğu təqdirdə qeysəriyyə əməliyyatının keçirilməsi ilə bağlı Milli Məclisin qəbul etdiyi qayda və qanunlar yerində düşünülmüş bir addımdır. Bilirsiniz ki, bununla əlaqədar cərimə sanksiyaları da müəyyənləşdirilib ki, qeysəriyyə əməliyyatına tibbi göstəriş olmadan bu əməliyyatı aparan həkimlər və tibb müəssisələri də cəzalandırılacaq. Çünki, Azərbaycanda elə şərait yaradılıb ki, dövlət müəssisələri ilə yanaşı özəl müəssisələrdə də müxtəlif şçeşidli tibbi prosedurlar keçirilir".

E. Ağayev deyib ki, Azərbaycanda özəl kabinetlər də daxil olmaqla 500-ə qədər tibb müəssisəsinin fəaliyyəti üçün lisenziya verilib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu məsələlərə nəzarət etsə də, yayınma halları da müşahidə olunur ki, bu qanunvericilik aktları yayınma hallarının aradan qaldırılmasına kömək edir.