On ayda ana ölümü iki hal azalıb

31 Oktyabr 2013 12:46 (UTC+04:00)

Elsəvər Ağayev: "Ötən ilin bu dövründə 23 ana ölümü baş vermişdisə, bu il bu göstərici 21-ə enib"

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümü iki hal azalıb". 

Movqe.az xəbər verir ki, bu məlumatı bu gün jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini deyib ki, on ayın nəticələrinə əsasən ötən ilin bu dövründə 23 ana ölümü baş vermişdisə, bu il bu göstərici 21-ə enib: "Azərbaycanda ana ölümü ilə bağlı son günlər mətbuatda çox suallar verilir və bu məsələ daha çox işıqlandırılır. Mən mətbuat vasitəsi ilə bildirmək istəyirəm ki, Azərbaycanda günü-gündən ana və uşaq ölümü azalır. Ancaq nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə doğuşların sayı da artıb. Azərbaycan əhalinin artım tempinə görə, dünyanın aparıcı dövlətləri ilə müqayisədə onlardan daha qabaqdadır. Bu məsələdə Avropanın bütün ölkələrindən öndəyik. Azərbaycanda artım əmsalı 12-dən yüksəkdir. Bu çox böyük bir rəqəmdir. Dünyaya gələnlərlə ölənlər arasında rəqəm 12-dən artıqdır. Yəni hər min nəfərə 12 nəfər təşkil edir.  Bu da Azərbaycanın reallıqlarından xəbər verir. Bu məsələlərdə söz yox ki, səhiyyənin də rolu da az deyil".