Nazir müavini ana və uşaq ölümündə günahkar bilinən həkimlərdən danışdı

31 Oktyabr 2013 13:02 (UTC+04:00)

Elsəvər Ağayev: "Belə ki, həmin həkimlərin ya iş yeri dəyişdirilir, yaxudda daha aşağı vəzifəyə təyin edilirlər"

Azərbaycanın Səhiyyə nazirinin müavini Elsəvər Ağayev ana və uşaq ölümündə günahkar bilinən həkimlərdən danışıb. Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir müavini bildirib ki, Azərbaycanda baş verən hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılaraq analiz olunur: "Təkcə Səhiyyə  Nazirliyi tərəfindən deyil, ana ölümü zamanı prokurorluq orqanları tərəfindən də cinayət işi açılaraq araşdırma aparılır.  Bu ilin 10 ayı zamanı baş verən 21 ana ölümünün heç biri sırf  həkimlərin səhvi ucbatından baş verməyib.  Amma həkimlərin müəyyən qədər səhvi də nazirliyin müvafiq komissiyasının diqqətindən yayınmayıb və həmin həkimlər cəzalandırılıblar. Cəzalandırma metodu müxtəlif vasitələrlə yerinə yetirilir. Belə ki, həmin həkimlərin ya iş yeri dəyişdirilir, yaxudda daha aşağı vəzifəyə təyin edilirlər. Həmçinin vəzifələrindən uzaqlaşdırılanlar da olub. Ancaq qeyd edirəm ki, ölümün sırf səbəbi həkim səhlənkarlığı deyil".