“Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər”

31 Oktyabr 2013 13:54 (UTC+04:00)

Andrey Ruzinski: "Hərbi bazanın Rusiyanın KTMT çərçivəsində hüquqi öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə daxil olması mümkündür"


Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Rusiyanın Ermənistandakı hərbi bazası bu münaqişəyə cəlb oluna bilər. Bunu Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Krasnaya zvezda" qəzetinə müsahibəsində deyib. 

 

A. Ruzinski bildirib ki, hərbi bazanın cavabdeh olduğu bölgədə hərbi-siyasi vəziyyət erməni-azərbaycanlı münaqişəsi regionunda qarşıdurmanın alovlanmasının mümkünlüyü ilə əlaqədar bir sıra qeyri-sabitlik yaradan faktorlarla xarakterizə olunur: "Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul olunarsa, Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki hüquqi öhdəliklərinə uyğun olaraq hərbi baza silahlı münaqişəyə qoşula bilər".    

 

A. Ruzinski qeyd edib ki, hərbi baza ləngimədən müdaxiləyə hazır vəziyyətdə olan hərbi birləşmədir: "Onun tərkibində 13 əsas döyüş bölməsi və 17 hərtərəfli təminat bölməsi mövcuddur. Bu həcmdə qüvvə qoyulan tapşırıqları uğurla yerinə yetirməyə imkan verir. Əlavə etmək lazımdır ki, Ermənistandakı Rusiya hərbi bazasının əsas xüsusiyyəti zenit-raket divizionu olmasıdır. O, "BUK-M1-2" zenit-raket kompleksi, "Smerç" reaktiv artilleriya batareyası və "MiQ-29" döyüş təyyarələri eskadrilyasının olduğu aviabaza ilə təchiz olunub".