“Avroviziya"da finala qalan 10 ölkə - FOTOLAR - VİDEO

23 May 2012 12:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ölkəmizdə keçirilən "Avroviziya" Mahnı Yarışmasının birinci yarı finalı tamamlanıb. 46 ölkədə yayımlanan yarışmada ölkələrdən gələn səslərlə finala qalan 10 ölkə təyin olunub. Rumuniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya nümayəndələri mayın 26-da keçiriləcək finala vəsiqə qazanıb.

Bakıda "Avroviziya 2012" üçün xüsusi olaraq tikilən "Crystal Hall"da keçirilən və 18 ölkənin səhnəyə çıxdığı birinci yarı finaldan sonra, finala çıxmağa haqq qazanan 10 ölkə nümayəndələri jurnalistlərin suallarını cavablandırıb. Ölkə nümayəndələri finala qalmaq xoşbəxtliyini dilə gətirərək, tamaşaçılara təşəkkürlərini çatdırıb.




Albaniya nümayəndəsi Rona Nişliu zəfərini ölkəsində meydana gələn qəzada həyatını itirən şagirdlərə ithaf etdiyini söyləyib.

"Avroviziya 2012"-nin favoritləri arasında göstərilən və sıx maraqla izlənilən Rusiyanın "Buranovskiye Babuşki" qrupundan Qalina Koneva, göstərilən maraq və finala qalmaqdan məmnun olduqlarını dilə gətirərək, "Tamaşaçılar o qədər səs çıxarırdı ki, səhv söyləməkdən qorxdum" deyib.

Mətbuat konfransında finala qalan 10 ölkə nümayəndəsi püşk ataraq finalda çıxacaqları sıranı da təyin edib. Ölkələrin 26 mayda keçiriləcək finalda səhnəyə çıxacaqları sıralama belədir:

Rumıniya - 14, Moldova - 26, İslandiya - 7, Macarıstan - 2, Danimarka - 15, Albaniya - 3, Kipr - 8, Yunanıstan - 16, Rusiya - 6, İrlandiya - 23.

Səsvermə zamanı qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı "Avroviziya" səhnəsinə çıxarılıb. İnterval şousunda Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunub. Şouda qədim Qavaldaşında "Natiq" Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblı da iştirak edib.