Polad Bülbüloğlu: Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdır

31 Oktyabr 2013 16:24 (UTC+04:00)

Rusiya qonşu dövlətlərə qarşı viza rejimini tətbiq etmək barədə təşəbbüs irəli sürəcəyi halda, Azərbaycan viza rejimini tətbiq etməyə hazırdır.

Bunu cümə axşamı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu deyib:

"Mən burada ciddi problem görmürəm. Hazırda iki ölkənin vətəndaşları xarici pasportlar vasitəsilə Azərbaycan və Rusiyaya səfər edirlər. Bir möhür az və ya çox olması elə də ciddi problem deyil".

Onun sözlərinə görə, bu barədə Rusiya tərəfinə rəsmən bəyan edib: "Rusiya belə təşəbbüs irəli sürərsə, Azərbaycan qısa müddət ərzində bu məsələyə baxaraq həll edəcək".

Səfirin sözlərinə görə, səfirlik Yeqor Şerbakovun qətlində şübhəli bilinərək məhkəmənin qərarı ilə həbs edilmiş Orxan Zeynalovla bağlı hadisələrin inkişafını nəzarətdə saxlayır: "Onunla konsulluğun əməkdaşları görüşüblər, Zeynalovun şikayətlərini bildirməyə imkanı oldu. Tərəfimizdən həmin şikayətlər Rusiya strukturlarına çatdırılıb. Zeynalovun gələcək taleyini, günahkar olub-olmadığını məhkəmə müəyyənləşdirəcək".

P. Bülbüloğlu bildirib ki, məlum cinayətdən sonra miqrantlara qarşı vəziyyətin gərginləşməsi və baş verən iğtişaşlar Azərbaycan-Rusiya münasibətlərinə heç cür təsir etməyəcək:

"İki ölkənin münasibətlərində heç bir problem yoxdur. Törədilən bu və ya digər cinayətləri siyasiləşdirmək olmaz. Rusiya böyük dövlətdir və burada işçi qüvvəsi çatışmazlığı hiss edilir".

Lakin səfir qeyd edib ki, eyni zamanda, edilən hərəkətlərə görə məsuliyyət daşımaq lazımdır: "Mən bunu bir neçə dəfə demişəm və imkandan istifadə edərək təkrar edirəm ki, sovet dövrü keçmişdə qaldı. Xarici ölkə olan Rusiyada bu ölkənin öz qanunları işləyir. Bəzən bu qanunlar sərtdir, lakin həmin qanunlara riayət etmək lazımdır. Digər ölkəyə istirahət etməyə və işləməyə gedərkən həmin ölkənin qanunlarını, adətlərini, gəliş qaydalarını, dilini öyrənmək lazımdır".