Mikayıl Cabbarovdan yeni təyinatlar

31 Oktyabr 2013 16:36 (UTC+04:00)

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarət olan yeni kadr təyinatlarına uyğun olaraq, BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilibr. Məmmədəli Kəsəmənli və Nərgiz Səfərova isə BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar. BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası həvalə edilmiş Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb. On ilə yaxın müddətdə müxtəlif rəsmi qurumlarda dövlət qulluqçusu kimi uğurla fəaliyyət göstərməkdədir. Dövlət qulluğunun kiçik müşaviri dərəcəsinə malikdir. BŞTİ-nin müdir müavini təyin edilmiş Məmmədəli Kəsəmənli Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.1984-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb.1990-2013-cü illərdə Bakı şəhərindəki müxtəlif məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərib. BŞTİ-nin müdir müavini vəzifəsində tədris və təlim məsələləri ilə məşğul olacaqdır.

BŞTİ-nin müdir müavini təyin edilmiş Nərgiz Səfərova Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnib. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışmışdır. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olacaqdır.