Bakıda qanunsuz fəaliyyət göstərən daha 2 aptek bağlanıb

31 Oktyabr 2013 17:02 (UTC+04:00)

Bakının iki rayonunda 24 obyektdən 823 qutu sertifikatsız dərman vasitələri müsadirə olunub

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən apteklərdə aparılan yoxlamaların nəticələri açıqlanıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yoxlamalar zamanı Nəriman rayonunda 18, Suraxanı rayonunda isə 6 aptekə baxış keçirilib. Yoxlamalar zamanı 24 obyektdən ümumilikdə 823 qutu sertifikatsız dərman vasitələri müsadirə olunub. Onlardan 583 qutusu Nərimanov (18 aptekdən), 249 qutusu isə  Suraxanı (6 aptekdən) əczaxanalarının payına düşür. 

 

Nəriman rayonunda 18 aptekdə aparılan yoxlama zamanı onlardan birinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmin aptekdən 13 qutu sertifikatsız dərman aşkarlanıb. Digər 17 aptekdən yalnız birində şərait baxımından çatışmazlıq qeydə alınıb. Müvafiq tələblərə zidd olaraq, burada şüşə ayırıcı yoxdur. Bundan əlavə, baxış zamanı 34 qutu sertifikatsız dərman aşkarlanıb. Yerdə qalan 16 əczaxana isə müvafiq tələblərə tam cavab verir.

 

Suraxanı rayonunda baxış keçirilən 6 aptekdən birinin qanunsuz olduğu aşkarlanıb və fəaliyyəti dayandırılıb. Burada termolabil preparatların saxlanma qaydalarına riayət edilmədiyi müəyyən olunub, həmçinin 47 qutu sertifikatsız dərman aşkarlanıb. Digər iki aptekdə müəyyən çatışmazlıqlar qeydə alınıb. Bu obyektlərin hər ikisində sanitariya qovşağı yoxdur və termolabil preparatların saxlanma qaydalarına riayət edilmir. Onlardan birindən 42, digərindən isə 17 qutu sertifikatsız dərman tapılıb. Digər 3 əczaxanaların hər birindən isə müvafiq olaraq 89 qutu, 23 qutu və 22 qutu sertifikatsız dərman götürülüb.