ÜST-dən vərəmdən uşaq ölümünün qarşısını almaq üçün yeni plan

31 Oktyabr 2013 17:00 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmdən uşaq ölümünün qarşısını alan yeni plan hazırlayıb. Movqe.az-ın xəbərinə görə, ÜST-nin yaydığı məlumatda bildirilib ki, hər gün yaşı 15-dək olan 200-dən çox uşaq vərəmdən dünyasını dəyişir. Halbuki bu xəstəliyin qarşısını almaq və onu müalicə etmək mümkündür. ÜST ekspert və tərəfdaşlarının fikrincə, xüsusi fəaliyyət planının köməyi ilə hər il 74 min uşağı vərəm xəstəliyinin səbəb olduğu ölüm hallarından qurtarmaq olar. Uşaqların vərəmdən ölüm hallarının kökünü kəsmək üçün ÜST-nin himayəsi ilə Vaşinqtonda "yol xəritəsi" işə salınıb. Onun müəlliflərinin qənaətinə görə, 120 milyon ABŞ dolları hər il minlərlə uşağı vərəmə yoluxmaqdan xilas etməyə, artıq yoluxmuş, o cümlədən həm vərəmə, həm də İİV-ə yoluxmuş on minlərlə uşağı müalicə etməyə imkan verəcək. Dünyada hər 10 vərəmə yoluxma halının biri, yəni bütün vərəm xəstələrinin 6-10 faizi yaşı 15-dək olan uşaqların payına düşür. Lakin bəlkə də bu göstərici daha yüksəkdir, çünki uşaqların çoxunun diaqnostikaya müraciət etmək imkanı yoxdur. Yeni fəaliyyət planı isə uşaqların vərəmdən ölüm hallarının aradan qaldırılmasına dair konkret tədbirləri müəyyən edir.