KTMT-nin Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

1 Noyabr 2013 10:15 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası münaqişələrin sülh yolu ilə nizamlanmasına dair bəyanat qəbul etmək niyyətindədir.


APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İrəvanda jurnalistlərə  açıqlamasında KTMT PA-nın müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Anatoli Vıbornıy bildirib.   

 

Anatoli Vıbornının sözlərinə görə, komissiyanın iclası zamanı bir sıra təkliflər irəli sürülüb və bu təkliflərin əksəriyyəti dəstəklənə bilər: "Plenar iclasın gündəliyinə artıq bu iclasın yekunlarının müzakirəsi məsələsi daxil edilib. Həmin yekunlar barədə KTMT-yə üzv olan dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələrinin  sədrləri məlumatlandırılacaq. Bundan başqa, Parlament Assambleyasına münaqişələrin sülh yolu ilə nizamlanmasına dair bəyanatın hazırlanmasını tövsiyə etmək təklif olunub, və biz bu təklifi hazırda fəal müzakirə edirik. Çünki bizim başlıca vəzifəmiz – hər hansı kataklizmlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə etmək, insanların ölümünə yol verməmək üçün hərbi təxribatların qarşısını almaqdır", deyə Anatoli Vıbornıy qeyd edib.