Belçikalı millət vəkili: “Ermənistan Dağlıq Qarabağdan geri çəkilməlidir”-Foto

1 Noyabr 2013 16:12 (UTC+04:00)


"Heç kəs beynəlxalq ictimaiyyətin 1993-cü ildə Azərbaycanın ərazi toxunulmazlığı ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri vasitəsilə göndərdiyi aydın ismarıcı inkar edə bilməz. Yaxşı olardı ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altındakı ərazilərindən geri çəksin. Bununla, Dağlıq Qarabağın 20 ildən artıq davam edən işğalına son qoyular və sülh prosesinin sürətlənməsinə tərəqqi əldə olunardı".

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bunu Belçika Federal Parlamentinin üzvü Deid Gert deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən, ilk növbədə məcburi köçkünlərin qeyd-şərtsiz öz evlərinə qayıtması məsələsi vacib şərt kimi nəzərə alınmalıdır: "Bununla paralel olaraq, repatriasiya prosesindən sonra əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həmin bölgələrə zəruri sərmayələr yatırılmalıdır. 

Heç şübhəsiz ki, Azərbaycanla Avropa arasında artan qarşılıqlı əlaqələr Azərbaycanın ərazi bütövlüyü məsələsini siyasi gündəmə gətirilməsi üçün əlavə fürsət yaradır.

Sözsüz ki, ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlar tərəqqidən çox uzaqdır. Zənnimcə, Minsk qrupunun bəzi üzvləri bu danışıqların əsl mahiyyəti haqqında çox məhdud baxışa malikdirlər".