Stavropolda ağır yol qəzası: 4 ölü, 2 yaralı

4 Noyabr 2013 11:04 (UTC+04:00)

"Qafqaz" magistralında avtobus ilə mikroavtobus toqquşub, Mahaçqala-Soçi istiqamətində hərəkət edən avtobusda 34 uşaq olub

Bu gün səhər saatlarında Rusiyanın Stavropol vilayətinin Mineralovodsk rayonunun Ulyanovka kəndində ağır avtomobil qəzası baş verib. Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə , "Qafqaz" magistralında "Mercedes" markalı avtobus ilə "Reno" markalı mikroavtobus toqquşub. 


Baş verən yol qəzası zamanı "Mercedes" markalı avtobusda olan uşaq futbol komandasının məşqçisi və mikroavtobusda olan 2 sərnişin bədbəxt hadisənin qurbanı olub. Mikroavtobusda olan daha 2 sərnişin isə baş vermiş hadisədən sonra xəstəxanaya göndərilib. 


Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Verilən məlumatlara görə, Mahaçqala-Soçi istiqamətində hərəkət edən mikroavtobusda 39 sərnişin olub ki, bunlardan da 34-ü 10-12 yaşlarında uşaqlar olub. 


Hadisəyə səbəb olan mikroavtobusun sürücüsü qarşı tərəfdən gələn yola çıxması olub. Ehtimallara görə, mikroavtobus sürücüsü uzun yol qət etdiyindən səhərə yaxın sükan arxasında yuxulayıb. Mikroavtobusun sürücüsünün qatı duman səbəbindən qarşıdan gələn maşını görməməsi qəzanın baş vermə ehtimalları sırasındadır.