Monoloq tamaşalar «yoxa çıxıb»

4 Noyabr 2013 17:38 (UTC+04:00)

Monoloq tipli tək tamaşa oynamaq sovetlər dönəmində Azərbaycan teatrlarında tez-tez rast gəlinən hallar sırasında yer alırdı. Lakin son illərdə bu qəbildən olan tamaşalara demək olar ki, rast gəlinmir. Halbuki, Azərbaycan teatr sənətinin inkişafında bu qəbildən olan tamaşalar heç də az rol oynamırdı. İndi isə daha bu qəbildən olan tamaşalara rast gəlinmir. 

Məsələyə münasibət bildirən xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal Mövqe.az-a açıqlamasında qeyd edir: "Qabaqlar yumor yazarlar var idi. Rüfət Əhmədzadə, Seyfəddin Dağlı, Cahangir Aslanoğlu güclü monoloqlar yazırdı. Mən Rüfət Əhmədzadədən 12, Cahangir  Aslanoğludan 7, Seyfəddin Dağlıdan 3 monoloq hazırlamışam. İndi də ara-sıra göstərirlər. Siz nəzərə alın ki, təkcə Azərbaycan Dövlət Televizizyasında belə şeylər yayımlanır. Başqa kanallarda bu yox dərəcəsindədir. Azərbaycan Dövlət Televizizyası yeganə televiziyadır ki, bu əsərləri almaqla yanaşı, ifaçılarla da müqavilə bağlayıb, ödəniş edirlər. Bu proseslərdən sonra həmin tamaşalar onların fondunda saxlanılır. "Mədəniyyət" kanalında da "Dünyanı yaradanlar" mövzusunda istər rəssamlar, istər kino yaradıcılarından 86 seriya hər biri  yarım saat olan verlişlər hazırlanıb. Müqavilə əsasında istər rejissorlar, istər aktyorlar, istərsə də ssenaristlər maddi marağı təmin olunub. Qalan 7-8 kanal da belə işləsə, müəyyən tamaşalar onlarda da yayımlana bilər. Ancaq hələlik Azərbaycan Dövlət Televizizyası və "Mədəniyyət"  kanalı bu işləri görür. 

Hər bir tamaşanın uğurlu alınması üçün  müəllifi olmalıdır. Yəni, rejissor, müəllif, rəssam, bəstəkar, aktyorlar kollektivi birlikdə komanda kimi çalışmalıdırlar. Kimsə iki  kəlmə çıxıb efirdə nəsə deyirsə, o heç… Ancaq hər şey professional təşkil edildikdə o, daha yaxşı olur. Həm onu da qeyd edim ki, belə məsələlərdə mütləq şəkildə sənət adamlarının maddi marağı ödənməlidir ki, həvəs artsın və öz sənətini yüksək səviyyədə təqdim etsinlər.  

Mən özüm bu gün də Rəsul Rzanın "Çeşid-çeşid  insanlar " adlı silsilə monoloq şeirlərindən bir aktyor teatrı işləyirəm. İnşallah, çəkiləndən sonra görəcəksiniz. Hər şey yüksək səviyyədə təşkil olunub".

Aktrisa, əməkdar artist Naibə Allahverdiyeva isə qeyd edir: " Neçə illər bundan əvvəl Estrada Teatrı var idi. Monoloq deyən Allahverdi Yolçuyev, Qorxmaz Əlili, Cəfər Əhmədov, mən özüm bu sahə ilə ciddi məşğul olurduq. O zamanlar güclü yumor yazanlar var idi. Əhməd Oruclunun monoloqları o zaman adla idi. Qorxmaz Əlili yaratdı o teatrı, bizi də  başına yığdı. Yumorda ümumiyyətlə, açıq-saçıqlıq olmalıdır. Qadağa olmamaldır. İndi yumorda qadağa var. "Filankəsə filan sözü demək olmaz" deyimi daxil oldu yumorumuza... Nə qədər ər-arvaddan danışmaq olar? Tamaşaçı eyni mövzulardan bezir axı... Yumor cəmiyyətdə eybəcirlikləri ifşa edir. Ancaq qadağalar daxil olduqdan sonra bu davam etmədi, axsadı. Ancaq Rusiyada yumorda heç bir qadağa yoxdur. Heç sovet dövründə belə deyildi. "Mozalan" jurnalında nə cür tənqidlər olurdu".