Əcnəbi kinolar yenə yerli filmləri sıxışdırır

4 Noyabr 2013 17:48 (UTC+04:00)

Məlum olduğu kimi Bakıda 4-cü Avropa Film Festivalı çərçiəvsində ölkəmizdə "köhnə qitə"nin rejissorlarını ekran işi nümayiş olunub.  Film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" kinoteatrlar şəbəkəsi ilə birgə təşkil olunub. Aİ Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsin sözlərinə görə, festivalda Aİ-yə üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş etdirilib, nümayiş etdirilən filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olub. Festivalların keçirilməsinin məqsədi Azərbaycan və Aİ arasında mövcud olan mədəni əlaqələri daha da möhkəmləndirmək, Azərbaycan cəmiyyətinə Avropa mədəniyyəti, tarixi barədə məlumat təqdim etməkdir. 

Filmlərə tamaşaçı marağı yüksək olub. Lakin təəssüf ki, eyni sözləri yerli filmlər barədə söyləmək mümkün deyil. 

Bələdiyyə Teatrının aktrisası, əməkdar artist  Hüsniyyə Mürvətova Mövqe.az-a açıqlamasında bu xüsusda bildirir: "Biz bir millət olaraq özümüz-özümüzü qiymətləndirə bilmirik. İncəsənətin başqa sahələrində də belədir. Başqa ölkələrdən dəvət almış müğənnilərə, aktyorlara həmişə maraq daha çox olub. Filmlərimiz də elə… Bizim tamaşaçılarımız bəzən özümüzə qarşı düşünürəm ki, çox laqeyd olur. Bizdə yaxşı filmlər də var. Mən məsələn  teatr aktrisasıyam. Teatrlara da axın azdır. Məsələn, bizim teatra axın ona görə azdır ki, bina problemimiz var. Amma ümumiyyətlə teatra, kinoteatrlara axın, öz çəkdiyimiz filmlərə, festivallarda nümayiş olunan filmlərimizə ona görə maraq azdır ki, piar problemimiz var. Düzgün piar çox tamaşaçı deməkdir. Əgər bir film lazımınca reklam olunsa və həqiqətən də maraq doğura bilsə, nədən axı tamaşaçı o filmə baxmağa can atmasın?! Filmlərin piarı yüksək səviyyədə və mütləq şəkildə uğurlu olmalıdır". 

Musiqili Komediya Teatrınının aktrisası, əməkdar artist Nahidə Orucova isə bildirir: " Bizim filmlərin reklamı çox-çox zəifdir. Yox dərəcəsindədir. Reklamı olmayan film axı kimə lazımdır və kimdə maraq oyadacaq? Axı tamaşaçı o filmin olmasından xəbərsizdir. Xarici filmlər çəkilməmiş reklamı başlayır. Çəkiləndən sonra mütəmadi anonslar gedir. Ancaq bizdə bunların heç biri yoxdur. Bəlkə də festivalda nümayiş olunan filmimiz lap da əla olub. Ancaq piarı zəif olub. Buna görə də piar-menecerlər cavabdehlik daşıyır. Reklam, piar, təqdimat uğurlu olsa, o zaman filmlərimizə də baxan tamaşaçılarımızın sayı günü-gündən artar. Hər filmin öz tamaşaçısı olar. Sadəcə, biz də professional piar-menecerlər yoxdur".