İpoteka kreditlərinin regionlara yol tapmaması Bakı üçün böyük problemlər yaradır

5 Noyabr 2013 07:13 (UTC+04:00)

Ölkədə mənzil sahibi olmaq üçün hazırda ən əlverişli vasitələrdən biri sayılan ipoteka kreditləşməsindən regionlarda istifadə etmək hələ də müşkül məsələ olaraq qalır. Milli Məclisin Milli İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da qeyd edir ki, regionlarda da sosial ipotekanın tətbiqinə başlanılmalıdır.

O bildirib ki, sosial ipoteka şərtləri dəyişdirilməlidir: "Aşağı təminatlı ailələr, gənclər, hərbçilər, müəllimlər bu krediti ala bilmir və faizi, ilkin ödənişi ödəyə bilmir. Məbləğ də azdır, 50 min manat. Bakıda 100 manata 2 və ya 3 otaqlı ev alınır. Büdcə xərclər gələn ilin büdcəsində azalmayıb. Bəzi rayonlar mərkəzləşdirilmiş xərclərdən azad edilsə də, digər rayonlarda xərclər artıb. Bu prosesə yenidən baxılmalıdır. Məsələyə daha ciddi yanaşmaq lazımdır. Bir neçə rayon mərkəzləşdirilmiş xərclərdən azad edilməlidir".

Onu da qeyd edək ki, daşınmaz əmlak bazarında apardığımız araşdırmadan məlum olur ki, güzəştli ipoteka üçün məbləğ 50 min manata qaldırıldıqdan sonra ipoteka bazarında az da olsa canlanma yaranıb. Müraciət edənlərin sayı 2 dəfəyədək artıb. Lakin regionlarda ipoteka kreditləri verilmədiyindən əhali məcburiyyət qarşısında paytaxtda mənzil seçməli olur.

Tələbin çoxalması isə daşınmaz əmlak bazarında qiymətlərin xeyli yüksəlməsinə səbəb olub.

Bahalaşma Qaradağ, Nəsimi, Xəzər rayonlarında indiyədək görünməmiş həddə çatıb. İndi paytaxtda mənzillərin bir kvadratmetrinin qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir.

Bakıdakı sıxlığı, mövcud qiymət və şərtlərin, əhali gəlirlərinə tərs mütənasibliyini əsas gətirən ekspertlər deyir ki, ipotekanın regionlara yol tapması vacibdir. Hesab olunur ki, ipoteka proqramının regionlarda da tətbiqi baş tutsa, bu əyalətdəki gənc ailələrə ümid verər, üstəlik rayon əhalisinin yalnız paytaxta üz tutmasının da qarşısını almaq olar.

İndilikdə isə Azərbaycan əhalisinin çox hissəsinin paytaxta cəmlənməsi onu göstərir ki, bu gün regionlarda ipoteka kreditinin olmaması əhalini paytaxta gəlməyə sövq edir. Düzdür, bu gün regionlarda yaşayan əhalinin əmək haqqı paytaxtla müqayisədə aşağıdır. O da həqiqətdir ki, banklar regionlarda ipoteka verilməsini riskli sayır. Birinci növbədə, regionlarda daşınmaz əmlakın qiymətləri bahadır, paytaxt qiymətlərinə bərabərdir. Bölgələrdə yaşayan əhalinin orta əmək haqqı isə onun 30 min manatlıq mənzil üçün ilkin olaraq 4500 verməsini mümkünsüz edir. Bu amilləri dəyərləndirən banklar riskə getmək istəmirlər. Bundan başqa, regionlarda yeni tikililər azdır və bölgənin 90 %-ni həyətyanı kiçik yaşayış evləri təşkil edir. Bölgə əhalisinin əksəriyyəti evinin nağd qaydada satılmasının tərəfdarıdır.

O da məlumdur ki, sosial ipoteka ilə bağlı təkliflər hazırlanıb və buna görə, gənc ailələrlə yanaşı, subay gənclər də ipotekadan yararlana biləcək. Təkliflərə görə, ipoteka alacaq gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur və burada məqsəd ondan ibarətdir ki, həm ipotekanın məbləği artırılsın, həm də ipoteka alacaq gənclərin əhatəsi genişlənsin. Hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir. Eyni zamanda, bir gənc üçün ayrılan vəsait azdır. İpoteka kreditinin ilk həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı, indi isə bu məbləğin 70 min manata qaldırılması gözlənir.

Lakin bankların da burada paytaxtla regionlara qoyduğu fərqin aradan qaldırması vacib önəm daşıyır. Ümumiyyətlə, mövcud vəziyyətin təhlili göstərir ki, Azərbaycan hökumətinin regional inkişaf proqramlarının tətbiq edilməsinə baxmayaraq, bank sisteminin regionlar və Bakı şəhərindəki fəalliyyəti arasında kəskin fərqlər qalmaqdadır. Bankların regionlara marağının az olmasının isə müxtəlif səbəbləri var. Bunlara misal olaraq ticarət, tikinti və digər aparıcı sektorların əsasən Bakı şəhərində cəmləşməsini, regionlarda əsasən kənd təsərrüfatı sahələrinin inkişaf etməsi və regionlarda girov problemini göstərmək olar. Əvvəlki kimi isə kreditlərin verilməsi üçün banklar tərəfindən tələb olunan girov məsələsi də regionlarda problemli sahələrdəndir. Belə ki, girov qoyulan əmlakın Bakı şəhərinə nisbətən regionlarda dəyərinin aşağı olması region əhalisinin kredit almasına çətinlik törədir.

Hazırda ölkədə ipoteka kreditləşməsinin 2 növü tətbiq edilir: adi və güzəştli. Adi ipoteka kreditləri illik 8, ilkin ödəniş 20% olmaqla 25 il müddətinə maksimum məbləğ 50 min manat həcmində verilir. Güzəştli ipoteka kreditlərinin illik 4%, ilkin ödənişi 15%, maksimum məbləğ 50 min manat təşkil edir və 30 il müddətinə təklif olunur.