AMM-nin Rusiyadakı azərbaycanlılarla bağlı bəyanatı

5 Noyabr 2013 11:14 (UTC+04:00)

"Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir"

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi Rusiyada azərbaycanlılara qarşı son zaman baş verən olaylarla bağlı bəyanat yayıb. Birliyinin rəhbəri Əlövsət Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bəyanatda son günlər daha bir azərbaycanlının rus millətçiləri tərəfindən döyülməsi, eyni zamanda Moskva şəhərində "Rus Marşı" adı altında millətçilərin mitinqinin keçirilməsinə münasibət bildirilib.


Bəyanatda Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduqları öz əksini tapıb:


"Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir. Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduğunu bildirir və müvafiq dövlət qurumlarını Azərbaycan Respublikasından kənarda yaşayan ölkə vətəndaşlarının müdafiəsi üçün öz öhdəliklərinə uyğun davranmağa çağırır". 


AMM hesab edir ki, problemin tez bir zamanda həll olunması üçün Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların müdafiəsinin təmin olunması, onlara müvafiq sənədlərin alınmasında yardım edilməsi, Rusiya miqrasiya qanunvericiliyi barədə onlara ətraflı məlumat verilməsi, Rusiya Federasiyasında məskunalşan vətəndaşlarımızla baglı baş verənlər haqqında daha ətraflı məlumatların əldə edilməsi məqsədilə pulsuz xidmət göstərən "Qaynar xətt"in yaradılmasını təşkil etməlidir:


"AMM həmin layihənin həyata keçirilməsi üçün Azərbaycan hökümətinə dəstək verməyə, "Qaynar Xətt"i işçilərlə təmin etməyə hazır olduğunu bildirir".


"AMM dünyada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarını, həmçinin beynəlxalq təşkilatları Rusiyada baş verən milli ayrı-seçkiliyə şərait yaradan hadisələri diqqət mərkəzində saxlamağa və Rusiya hakimiyyət nümayəndələrini azərbaycanlılara qarşı aparılan bu qeyri-qanuni münasibətlərə son qoyulması üçün tədbirlər görməyə çağırır".