Ər arvadını işgəncə verərək yandırdı-FOTO

5 Noyabr 2013 14:00 (UTC+04:00)
Türkiyənin İzmir bölgəsində yaşayan bir ailədə qısqancılıq zəminində münaqişə baş verib. Ər arvadının üzərinə qaynar su tökərək onu yandırıb. Arvadı isə buna görə ərini məhkəməyə verərək ömürlük həbsini tələb edir.

Ailem.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Mustafa G. işdən gec qayıdan həyat yoldaşı Şeyda G-nı qısqandığı üçün yatdığı yerdə üstünə qaynar su tökərək onu yandırıb. Bununla kifayətlənməyən ər qadını döyüb və onu yorğanla boğmağa çalışıb. Qadın ondan şikayətçi olmayacağını deyəndə isə işgəncələrə son verib. 

Hadisədən sonra kişi özü polisə təslim olub. Qadın isə xəstəxanaya yerləşdirilib. Vücudunda və üzündə 3-cü dərəcəli yanıq olan və işgəncəyə məruz qalan Şeyda G.-nın həyati təhlükəsi olduğu söylənilir.

Məhkəmədəki ifadəsində Mustafa G. arvadının üstünə qaynar su deyil, qəhvə tökdüyünü deyib. Daha sonra isə bildirib: "Hadisə günü yoldaşıma telefonla zəng etdim, ancaq həmişə məşğul gedirdi. Saat 00:03-də evə gəldi. Onu gətirən maşında bir qadın və kişi var idi. Həyat yoldaşım kişiylə öpüşdü. Mən də eyvandan onları seyr edirdim. İçəri girəndə soruşdum ki, səni kim gətirdi? İki övladımızın canına and içib bir qadının gətirdiyini dedi".

Zərərçəkmiş Şeyda G. isə yoldaşının onu hər zaman döydüyünü, hətta uşaqlarına da işgəncə verdiyini qeyd edib. Qadın "artıq yarımcan bir insanam. Vücudumun hər yeri yanıb. Qadınlığımdan, insanlığımdan utanıram", - deyib.

Qeyd edək ki, Mustafa G. bundan öncə də həyat yoldaşına işgəncə verdiyi üçün həbs olunmuşdu. Lakin keçən il həbs cəzası 5 il azaldılaraq azadlığa buraxılmışdı. Bu dəfə isə Mustafa G ömürlük həbs cəzası alması üçün məhkəmə önünə çıxıb.