Azərbaycanda həkimlərin işə qəbulu üzrə keçirilən imtahanların nəticələri açıqlanıb

5 Noyabr 2013 14:30 (UTC+04:00)

Azərbaycanda həkimlərin işə qəbulu üzrə keçirilən imtahanların nəticələri açıqlanıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, işə qəbul üçün sentyabrın 13-dən başlanan sənəd qəbulu prosesi oktyabrın 12-də yekunlaşıb.

 

Onun sözlərinə görə, bir aya yaxın davam edən sənəd qəbulu zamanı 1500 vakant yerə 266 ərizə daxil olub: "Onlardan 195-i imtahanlarda iştirak hüququ qazanıb. Yekun nəticədə isə 133 həkim imtahanlardan uğurla keçərək növbəti mərhələyə-müsahibəyə buraxılıblar. Müsahibələrə isə yaxın günlərdə başlanacaq".

 

Qeyd edək ki, həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsi-test imtahanları 4 gün ərzində aparılıb. Belə ki, vakant yerlərə sənəd verən həkimlər oktyabrın 22, 24, 29 və 31-də imtahan veriblər. Namizədlər ümumilikdə 50 suala cavab veriblər ki, onların da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub.