100 jurnalist mükafatlandırılacaq

5 Noyabr 2013 16:02 (UTC+04:00)

"İlin sonunda 100 jurnalist Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən mükafatlandırılacaq".

Movqe.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, mükafatlandırma KİVDF tərəfindən ilin yekunları ilə bağlı həyata keçiriləcək tədbirdə baş tutacaq: "Məlumdur ki,  KİVDF  ildə üç dəfə jurnalistlər üçün müsabiqə elan edir. Hazırda elan etdiyimiz müsabiqə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə bağlıdır. Müsabiqə 3 mövzü daxil olmaqla 15 istiqamətdə keçirilir. Qaliblər üçün 1000 manat nəzərdə tutulub. Bundan əlavə jurnalistlərə 300 manat məbləğində həvəsləndirici mükafatlar da təqdim olunacaq. Həmçinin biz Binəqədi rayonu icra başçısı ilə razılaşma əldə etmişik ki, rayonun quruculuq işləri ilə bağlı müsabiqə elan edək. Ona görə də bütün bu müsabiqələri nəzərə alaraq ilin sonunda 100 jurnalistin mükafatlandırmasını nəzərdə tutmuşuq".