Mətanət Əsədova qəzəbləndi: "Sən mənim düşmənimsən? Nə istəyirsən məndən?"
5 Noyabr 2013 18:27 (UTC+04:00)
Müğənni Mətanət Əsədova ANS-in birbaşa efirində
telekanalları hədələdi. "Adam içində"nin qonağı olan müğənni
əsəblərinə hakim olmayaraq qalmaqal saldı. Bacısının 40-ı çıxmamış
toya getməsindən yazılan xəbərlərdən hiddətlənən Əsədova, özünə
haqq qazandıraraq jurnalistləri günahlandırdı: "Məni sayıb yasıma
gəliblərlə, mən də onların xeyir işinə getməliyəm. Bunu şişirtməyə
ehtiyac yoxdur. O xəbəri yayanı tanıyıram. Üzümə gelə-gülə şəklimi
çəkib saytlara verdi. Mən həmin jurnalistlə necə lazımdırsa söhbət
edəcəm. "
Mətanət Əsədova "Adam içində"nin digər qonağı
jurnalist Hacıbəy Heydərliyə üzünü tutaraq, "Məni tanıyırsan mənim
bacımdan yazırsan? Tez cavab ver, dünən mənim və bacımın haqqımda
nə danışmısan? Sən kimsən axı? Yazırsansa niyə özümə zəng vurub
soruşmadın?"-deyə cavab verməsini tələb
etdi.
Qəzəbi sənətçinin hərəkətlərindən özünü itirən
Hacıbəy, "Mən şou-yazar deyiləm. Mən sadəcə bacınızın həbs olunması
və ölümü ilə bağlı yayılmış xəbərləri istinadla vermişəm. Mən sizi
tanımıram."- desə də Mətanət sakitləşmədi və Hacıbəydən əl çəkib
verilişin ikinci aparıcısı Afət Rahilqızını ittiham etməyə
başladı.
"Sən mənim düşmənimsən? Nə istəyirsən məndən?" və
bu kimi əlaqəsiz cümlələr işlədərək ayağa qalxıb qışqıra-qışqıra
milyonlarla tamaşaçıların qarşısında bacısından və ya onun özündən
yazan və danışan bütün jurnalistləri hədələdi: "Mənim dünya boyda
səsim var. Yazırsız, səsimdən yazın. Burdan bütün telekanallara
üzümü tutub deyirəm, telekanal bir də mənim bacımın ölümündən şou
düzəltsələr, o telekanalı dağıdacam."
Əsədova aramsız və əsəbi çıxışının ardınca,
"Elgiz, mən rayona getməliyəm." - deyərək verilişi yarımçıq tərk
etdi.
Qeyd edək ki, müğənni Mətanət Əsədova intihar
etmiş bacısının 40-ı çıxmamış, yəni bacısının ölümündən bir neçə
gün sonra həmkarı Elçin Hüseynovun qardaşı qızının toyunda toy
mərasimində iştirak edərək mahnı oxuyub. Belə ki, ötən həftə
telekanalların birində qonaq olarkən də musiqi parçası ifa
etmişdi.,
Xatırladaq ki, Mətanət Əsədovanın bacısı 35 yaşlı
Nurlanə Əsədova oktyabrın 9-dan 10-na keçən gecə Abşeron rayonunda
cinayət törədərkən saxlanılmışdı. O, istintaq təcridxanasında özünü
asmışdı.
Xatırladaq ki, Nurlanə Əsədova 43 yaşlı həyat
yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan
şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.
Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc
Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek
işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr
də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman
onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul
oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad
cinayəti törədən zaman "lomka" vəziyyətində olublar. Güman olunur
ki, Əsədova özünü elə buna görə öldürüb. Nurlanə Əsədovanın 11
yaşlı oğlu qalıb və onu Mətanət Əsədova saxlayır.
(Anspress.com)