Bu gün şəhər yerlərində süfrəmizə gələn toyuqların əsas hissəsinin broyler məhsulu olması heç kəsə sirr deyil. O da məlum həqiqətdir ki, broyler toyuqları adi toyuqlardan fərqli olaraq daha tez böyüyür. Bunun səbəbi isə onların qidalarında müxtəlif antibiotik və hormonal preparatların yer almasıdır. Bu qatqılar həm də toyuqların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.
Ancaq qatqıların toyuqlara xeyri olsa da, belə fikirlər səslənir ki, antibiotik maddələrlə qidalanan toyuq əti insan orqanizminə təhlükələr yarada bilər. Preparatlar insanda immun sistemin zəiflədir və bununla da insanlar arasında müxtəlif xəstəliklərə yol aça bilmə riskini artırır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, yetişdirilən broyler toyuqlarında lazımi çəkini, nəticəni almaq üçün sahibkarlar hormon tərkibli maddələrdən istifadə edirlər: "Onlar xüsusi ilə intensiv qidalanmanı təmin edir. Toyuq özü də belə halda intensiv qidalanır. Toyuq 24 saat ərzində qida qəbul edir. Bu texnologiya belə nəzərdə tutulub. Toyuqlarda hansısa xəstəliyin qarşısını almaq üçün dərman pereparatlarından istifadə olunur. Ümumiyyətlə, nəzərdə tutulur ki, belə hallarda antibiotiklərdən istifadə olunmasın. Çünki, toyuqlar təxminən 35-40 gündən sonra kəsilərək istehlak olunur. Bu baxımdan antibiotikin müalicə zamanı istifadəsinə məhdudiyyət qoyulur. Kimsə bundan istifadə etmək istəyirsə, onun da müəyyən dövrü var. Həmin dövr ərzində antibiotik maddə toyuğun orqanizmində neytrallaşmalıdır. Ümumiyyətlə isə, qida məhsulu kimi istifadə olunan bu məhsulların tərkibində antibiotik maddələrin yerləşdirilməsi arzuolunan hal deyil. Həm də müasir tələbə cavab vermir".
Ekspert bildirdi ki, xəstəliklərə qarşı antibiotik tərkibli yox, digər preparatlardan istifadə oluna bilər: "Hazırda belə hal mövcuddur".
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, hələlik istər heyvan, istərsə də bitki mənşəli genetik modifikasiya olunmuş məhsulların (GMO) orqanizmə təsiri ilə bağlı mülahizələr çoxdiskussiyalı şəkildə qalır: "Ayrı-ayrı alimlər bunun konserogen, orqanizmdə ciddi dəyişkənlik törətmək, genofonda neqativ təsir etməsi qənaətindədirlərsə, tamamilə əks fikirdə olanlar da var. Əslində, broyler toyuqları, digər GMO məhsulların ortaya çıxması zərurəti, artmaqda olan dünya əhalisinin ərzaqla təminatı prinsiplərindən doğur. Bəzi ölkələrin qida ilə təmin olunması üçün çıxış yollardan biri kimi ortaya atılıb. Ona görə də bu gün demək olar ki, GMO bütün dünya bazarlarında tapılır. Hətta ABŞ-ın özündə belə məhsullar satılır. Onların da öz alıcıları var. Amma onların orqanizmə təsiri ilə bağlı məsələləri çox ciddi müzakirəli mövzudur. Çünki, konkret rəy vermək üçün uzun müddətli elmi araşdırmalar, təcrübə lazımdır".
Professor qeyd etdi ki, Azərbaycan balaca bir ölkədir: "Potensialı kifayət qədər yüksək və əhalisi də azdır. Öz daxili resurslarından istifadə edərək ərzaq təminatını təmin edilə bilər. Dövlət tərəfindən də kənd təsərrüfatına dəstək verilir. Kəndlini maraqlandırmaq şərti ilə çalışmaq lazımdır ki, ekoloji baxımdan daha təbii və daha təhlükəsiz məhsulların bazarlara daxil olmasına şərait yaradılsın. Nəinki, kənardan idxal olunan, ya da ölkədə broyler məhsullarının istehsalına. Bununla bağlı dövlət də müəyyən tədbirlər görməlidir. Hər halda idxal olunan GMO və ya broylerlərə xüsusi ehtiyacımız yoxdur. Çünki, 11 iqlim qurşağından 9-u Azərbaycanda var. O baxımdan yanaşma konsepsiya şəklində dəyişilməlidir. Müəyyən prinsipləri irəli sürəmklə məsələləri həll etmək mümkündür".