Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Heç kəs vətəndaşları ünvanlı sosial yardımı bölüşməyə təhrik edə bilməz

6 Noyabr 2013 13:23 (UTC+04:00)

 Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib.

APA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Ç.Əliyevin sözlərinə görə, aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər: "Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək".

Ç.Əliyev görüləcək tədbirlərin daha effektli nəticələr verməsi üçün ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edib. O bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər. Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər: "Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz sövdələşmələrə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər".