3009 şagird imtahanda iki alıb

6 Noyabr 2013 16:23 (UTC+04:00)

Təhsil Nazirliyi 2013-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri məktəblərinin 9-cu sinif məzunlarının göstərdiyi nəticələrə dair hesabatı açıqlayıb. Təhsil Nazirliyindən Movqe.az-ən xəərinə görə, verilən xəbərə görə, hesabatın məqsədi 2013-cü ildə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhərində fəaliyyət göstərən məktəblərin 9-cu sinif məzunlarının göstərdiyi nəticələrə əsasən, məktəblər arasında keyfiyyət fərqini müəyyən etməkdir. Hesabatda qeyd olunub ki, 2012-2013-cü tədris ilində Bakı məktəblərində (tədqiqata daxil edilmiş) 29651 şagird ümumi orta təhsil səviyyəsi üzrə məzun olub. Bu məktəblər üzrə 227 şagird TQDK-nın keçirdiyi buraxılış imtahanında iştirak etməyib. 3009 şagird (10.15%) həm ana dili, həm də riyaziyyat fənlərindən "2" qiyməti alıb. Bir fəndən "2",  digərindən "3" qiyməti alanların sayı isə 3915 (13.20%) olub. Tədqiqat ümumi məzun sayına görə aparılıb. 9-cu sinif şagirdlərinin buraxılış imtahanı nəticələrinin müqayisəsini aparmaq üçün hər bir məktəb üzrə "2" və "3" qiymətlərinin sayı əsas göstərici kimi götürülüb. Əvvəlcə həm hər iki fənn üzrə "2" qiyməti almış şagirdlərin, həm də bir fəndən "2", digər fəndən "3" qiyməti almış şagirdlərin məzun sayına nisbəti ayrı-ayrılıqda hesablanıb. Sonra 70% çəki hər iki fəndən "2" qiyməti almış şagirdlərin məzun sayına nisbəti üzrə, 30% çəki isə bir fəndən "2", digər fəndən "3" qiyməti almış şagirdlərin məzun sayına nisbəti üzrə nəzərə alınmaqla ümumi reytinq göstəricisi hesablanıb. Ümumi reytinq göstəricisi hesablandıqdan sonra məktəblər müvafiq olaraq sıralanıb.