Kitabların tərtibatında rəssamlıq problemi yaranır

6 Noyabr 2013 16:41 (UTC+04:00)

Əvvəllər kitab tərtibatlarında rəssamların da əmyəindən geniş istifadə olunurdu və müxtəlfi şəkillər kitabların estetik gözəlliyini daha da artırırdı. Lakin son illərdə bu praktikadan demək olar ki, istifadə olunmur. Mövqe.az-a açıqlamasında bu məsələyə münasibət bildirən Azərbaycanın əməkdar rəssamı Eldar Qurbanov qeyd edir: " Bilirsiniz, rəssam işi kitablarda ən önəmli məsələlərdəndir. Rəssam işi kitab üçün əhəmiyyətlidir, ona görə ki, rəngarənglik oxucunu daha tez cəlb edir və xoş gəlir. Bu iş elə də baha başa gəlmir. Sadəcə, kitab buraxmaq istəyənlər bu məsələni artıq ciddiyə almır. Məsələn, elə işlər var ki, insanlar ona pul xərrcləyəndə heyfslənmirlər və onu mütləq şəkildə görürlər. Kitab işində rəssam işinin nə dərəcədə vacib olduğunu bilmək, dərk etmək lazımdır. Rəssam tərtibatı hər yerdə  önəmlidir. İstər teatrda, istər kinoda, istərsə də elə kitabın özündə... Rəssamın işindən istifadə etməyib, digər vasitələrə əl atmaq ki, bu daha ucuzdur demək düzgün deyil və oxucu itirməkdir. Rəngli, fərqli rəsmlər daha çox diqqət çəkir".

Tanınmış rəssam Rais Rəsulzadə isə məsələyə belə münasibət bildirib: " Kitab tərtibatı zamanı rəssam poliqrafiya texnikası nədir, nəyə gərək olması barədə məlumatlı olmalıdır. Müasir texnikanın imkanları mütləq nəzərə alınmalıdır. Kompüter imkanlarından istifadə edərək dəyişiklik etmək olar. Bilirsiniz, indi həyatın tempi dəyişib. Artıq uzun-uzadı zaman lazım deyil ki, əl ilə kitab üçün şəkil çəkilsin.Bacarıqlı şəkildə kompüterdən istifadə edərək, rəsmlərin kitab tərtibatında istifadəsi üsulu da özünü artıq doğruldur. Mütləq savad lazımdır. Kitab texnologiyasını və kompozisiyanın düzgün təşkilini həmin rəssam bilməlidir. Məsələn, nağıllarda əllə çəkilən şəkillərdən istifadə daha məqsədəuyğundur. Bilirsiniz, hər kitabın öz formatından, məqsədindən aslıdır ki, orada necə şəkillər olsun. Fəlsəfi kitablarda məsələn, çox bər-bəzəyə, rəsmə ehtiyac yoxdur. Uşaq kitablarında isə əksinə... Bu, təbii haldır. Ancaq bununla yanaşı, rəssamın estetik zövqünün  olması labüddür. Kim ki kitabı əlinə alır, həmin oxucu həmin dəqiqə kitabdan mənəvi zövq ala bilməlidir".