Ermənistan Futbol Federasiyasının prezidenti Azərbaycanda villa tikdirir

7 Noyabr 2013 10:46 (UTC+04:00)

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Şuşaya köçür.


Apasport.az saytı xəbər verir ki, "Nemes Rubo" kimi tanınan sabiq deputat Azərbaycanın işğal olunmuş tarixi şəhərində özünə dəbdəbəli villa tikdirir.

 

Ermənistanın "Jamanak" qəzetinin məlumatına görə, Ayrapetyan ölkənin digər imkanlı şəxslərini də Şuşada malikanə tikdirməyə təşviq edir. Onun məqsədi Qarabağ ərazisində məskunlaşan ermənilərə bu bölgələrə sadiq olduğunu göstərməkdir.

 

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın baş nazirinin müavini Artur Aqabekyan da bu xəbəri təsdiq edib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyanın çağırışına səs versələr, onlara əllərindən gələn köməkliyi göstərəcəklər.

 

Qeyd edək ki, Ayrapetyan 2012-ci ilin iyun ayında özünə məxsus olan "Arsnakar" restoranında hərbiçi həkimləri döydürdüyü üçün deputat mandatını itirib. O, Ermənistanda qalmaqallara meylli şəxs kimi tanınır.