“JEK”lərin səlahiyyətləri alınacaq

7 Noyabr 2013 14:50 (UTC+04:00)

Arif Rəhimzadə: "Müəyyən sənədlərin verilməsi yaxın vaxtlarda rayonların tabeleyindəki icra nümayəndəliklərinə veriləcək"

"Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada Mənzil İstismar sahələri ("JEK"lər) haqqında bir kəlmə də qeyd edilməyib. Gec-tez "JEK"lər aradadan çıxacaq". Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadə deyib. O qeyd edib ki, hələlik bölgü aparılmadığı üçün müəyyən funksiyalar "JEK"ə həvalə olunub, müəyyən məsələlərlə bələdiyyələr məşğul olur.


"Buna görə də ikitirəlik yaranıb. Bu prosesin nə vaxta qədər davam edəcəyini deyə bilmərəm. Amma yerli özünü idarəetmə müəssisələri gələcəkdə mütləq problemlərini özləri həll edəcək".


A.Rəhimzadə bildirib ki, insanlar bir yerə yığılıb idarəetmə komitəlri yaratmalı və problemlərini bir araya yığışaraq həll etməlidirlər.


"Ümumiyyətlə, bizdə yerli özünü idarəetmə deyəndə bələdiyyə başa düşülür. Ev tikilir, evin sahibləri yığılır özünü idarəetmə komitəsi yaradırlar. Kooperativlərdə olduğu kimi binanın istismar məslələri və ya pulunun yığılması və s. məsələləri insanlar bir yerə yığışaraq, qərarlar qəbul edib həll edirlər. Əgər insanlar bu təşəbbüsdə olsalar, o zaman "JEK"lərdən imtina edə bilərlər".


"JEK"lərin evlərdə təmizlik, təmir işlərinə baxdığı, müəyyən sənədlər verdiyini deyən komitə sədri bildirib ki, yaxın vaxtlardsa onların fəaliyyəti məhdudlaşdırılacaq.


"Müəyyən sənədlərin verilməsi yaxın vaxtlarda rayonların tabeleyindəki icra nümayəndəliklərinə veriləcək ki, bununla da "JEK"lərin fəaliyyəti məhdudlaşacaq".