Bakı Metropoliteni yeni vaqonlar almağa hazırlaşır

8 Noyabr 2013 12:28 (UTC+04:00)

 Bakı Metropoliteni yaxın vaxtlarda yeni vaqonlar almağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib: "Ehtimal olunur ki, bu ilin sonunda müvafiq müqavilə imzalanacaq və gələn ilin əvvəlində üç qatar heyəti və 15 vaqon alınacaq".

Onun sözlərinə görə, 2014-cü ilin may ayında Heydər Əliyevin anadan olmasının 91-ci il dönümündə iki yeni metro stansiyasının təhvil verilməlisi nəzərdə tutulub: "Bu, üçüncü xəttin (Bənövşəyi) "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarıdır. Orada yeni, müasir vaqonlar işləyəcək. Bu vaqonlar demək olar ki, hamısı elektronikadan ibarətdir, yəni 4-cü nəsil vaqonlardır".

T.Əhmədov əlavə edib ki, yeni vaqonların alınması ilə əlaqədar keçən ilin dekabr ayında "Transmaş Holdinq"lə müqavilə imzalanıb: "Onlar bizə 5 vaqon verib və həmin vaqonlar bura pulsuz gətirilib və altı ay müddətində pulsuz istifadə olunub. Onları ancaq maşinistlərimizi öyrətmək üçün dəvət etmişdik. Maşinistlərimiz öyrəndikdən sonra vaqonları "Tranmaş"a qaytardıq. Ümidvaram ki, biz yenə o vaqonlardan alacağıq və onlardan istifadə edəcəyik".