Bakıda dekorativ ağacların əkilməsi yaşıllaşdırma ilə bağlı pis ənənə formalaşdırıb

8 Noyabr 2013 17:18 (UTC+04:00)

Son vaxtlar xüsusilə paytaxt Bakıda xarici ölkələrdən gətirilmiş dekorativ ağaclardan çox istifadə olunur. Hətta parklarımıza, istirahət məkanlarımıza belə bu cür ağaclar əkilməklə görünüşü tamamilə dəyişdirilir. İndi çox az sayda yeni salınan park tapmaq olar ki, orada öz ağaclarımızdan, çinar, yasəmən, qovaq və sair ağaclar əkilsin. Yolboyu ərazilərin abadlaşdırılmasında da dekorativ ağaclardan daha çox istifadə olunur. Demək olar ki, görünüşü ilə göz oxşasa belə bu cür ağacların əksəriyyətinin adı belə bizə məlum deyil. 

Elə müsahibimiz Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova da Movqe.az-a açıqlamasında paytaxtda yaşıllaşdırma ilə bağlı pis bir ənənənin formalaşdığını söyləyir :"Ona görə xaricdən gətirilmiş ağaclardan istifadə edirlər ki, Bakını xarici ölkələrə oxşatmaq istəyirlər. Xarici ölkələrlə müqavilələr bağlanır və ordan ağaclar gətirilir. Daha çox isə ekzotik bitkilərə üstünlük verilir. Bu işi  görən insanlar Bakını kurort ölkələrinə bənzətmək istəyirlər. Yalnız buna görə çoxlu vəsait sərf edərək bunu həyata keçirirlər. Amma, bunu edən adamlar düşünmürlər ki, xaricdən gətirilən ağacların ekoloji cəhətdən bizim təbiətə uyğunlaşdırmağa görə onlara daha çox qulluq lazımdır. Bilmirlər ki, bizim iqlimimiz gətirilən bitkiyə uyğundur, ya yox? Çox vaxt elə olur ki, həmin ağaclar iqlim şəraitinə uyğun gəlmir və çürüyür. Ağacı isti havalarda ölkəyə gətirirlərsə, qışı nəzərə almırlar. Nəticədə bəzən müxtəlif ölkələrdə meşə zolaqlarında yaşayan bitkiləri bura gətirib parklara əkirlər və onlar da yalnız müəyyən müddət yaşayır. Əslində isə, cənub ölkələrindən gətirilmiş palmalara və yaxud başqa ağaclara üstünlük verməkdənsə, mövcud olan ağaclara qulluq eləsələr, artırsalar daha məqsəduyğun olar. Bundan başqa yaxın, qonşu ölkələrdən, iqlimi bizim iqlimə uyğun ölkələrdən də bitkilər gətirsələr, daha əlverişli nəticə əldə oluna bilər". 

Ekoloq Telman Zeynalov da məsələ ilə bağlı iradlarını saytımıza bilidirib: "Dövlətin bu sahədə müvafiq qanunları var. Hər hansı ağac respublikaya gətirilirsə, onlar mütləq yoxlamadan keçirilməlidir və bura da adaptasiya olmalıdır. Ondan sonra şəhərdə yayıla bilər. Qanun bu və ya digər şəxslərin gətirdiyi ağaclara şamil olunur. Ölkəyə gətirilən xarici ağaclar Azərbaycan təbiətinə uyğunlaşa bilmir. Bu işlərə son qoyulmalıdır. Aidiyyatı qurumlar da vəzifələrini tam yerinə yetirməlidirlər. Əks təqdirdə Bakının təbii yaşıllığının azalma təhlükəsi ilə üz üzə qala bilər. Əlbəttə ki, yerli ağaclar daha yaxşıdır. Hər hansı bir tarixi binanı tikəndə, məsələn, Qız qalasını tikəndə ətrafında çoxlu qovaq ağacları salınmışdı. Hanısa alimin ağlına gəlib ki, bu ağacın buraxdığı tozanaq insanda allergiya yaradır. Buna görə də, Bakıda bütün qovaq ağaclarını qırdılar. Belə olmaz. Bunu hərtərəfli əsaslandırmalıdırlar. Əslində onun buraxdığı tozcuqlar toxumdur. Ətrafa yayılır və motal ağacları bitir. Bunu müəyyən etmədən ağacları məhv elədilər. Bu işlərə tezliklə son qoyulmalıdır".