LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

8 Noyabr 2013 08:00 (UTC+04:00)

Siyəzəndə böyük uğurla həyata keçrilən abadlq-quruculuq işləri burada həm də modern  və memarlıq üslubuna görə fərqlənən binaların inşası ilə müşayiət olunur. Bu xüsusda Gənclər Mərkəzinin binası da diqqət cəlb edənlər sırasındadır. Xatırldaq ki, Prezident İlham Əliyev rayona son səfəri çərçivəsində Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak edib. 

Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılıb və 2013-cü ilin iyulunda başa çatdırılıb. Ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılmışdır. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanıb. Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompüterlər sürətli internetə qoşulub. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayayır. 

Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binası da gözəlliyi ilə göz oxşayır.  Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.  Müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqlar müasir tələblərə cavab verir. Heydər Əliyev prospektində inşa olunmuş binanın fasadı yerli tikinti materialları ilə üzlənib. Binanın tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb və 2013-cü ilin iyulunda başa çatdırılıb.  İnşaat işləri büdcə vəsaiti hesabına həyata keçirilib.  Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir bəzək elementi, işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə quraşdırılıb. 

Binanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub.  Burada dahi rəhbərin Siyəzənə səfərlərini əks etdirən fotoguşə yaradılıb.  Bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilib. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edir. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də var. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılıb.  Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.

Rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb.  Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada bilirlər. Rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulub. 

Qeyd edək ki, rayonda görülən işlər Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsi olaraq Siyəzən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə bu ilin iyulunda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb. Bu sərəcam rayon sakinləri tərəfindən müsbət qarşılanıb. Çünki bu nəticə etibarı ilə rayonun inkişafına xidəmt edir və yüksək diqqətin real təsdiqidir. 

Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafı daim rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, rayonda 25 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 15-i tam orta, 7-si ümumi orta (1-i internat məktəbi), 3-ü isə ibtidai məktəblərdir. Bu məktəblərdə 5695 şagirdin təlim-tərbiyəsi ilə 708 nəfər müəllim məşğul olur. Siyəzən Peşə məktəbində 5 ixtisas üzrə 7 qrupda 140 nəfər şagird təhsil alır.

Rayonda Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Əhaliyə səhiyyə xidməti 60 çarpayılıq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Poliklinikası və onun tabeliyində olan 5 həkim ambulatoriyası və 9 tibb məntəqəsi tərəfindən göstərilir. Bundan başqa rayonda Gigiyena və Epidemiologiya Əhaliyə səhiyyə xidməti 60 çarpayılıq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Poliklinikası və onun tabeliyində olan 5 həkim ambulatoriyası və 9 tibb məntəqəsi tərəfindən göstərilir. Bundan başqa rayonda Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərir.

Siyəzən Rayon Mədəniyyət və Turizm şöbəsi Uşaq incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Mərkəzi kitabxana, 14 filial kitabxana, Siyəzən Mədəniyyət evi, 1 kənd mədəniyyət evi, 9 klub müəssisəsini özündə birləşdirir.

Sahibkarlığın inkişafı da hər zaman xüsusi diqqət mərkəzində yer alır. Burada  əsas özəl müəssisələr "Siyəzən-Broyler" ASC - quşçuluq, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Siyəzən Kərpic Zavodu - kərpic istehsalı, "Caspian Coast Winery & Vineyards" MMC - şərabçılıq, "Polimer Sənaye Parkı" MMC - polimer məmulatları müəssisələridir. Rayonda fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulatların istehsalı zavodu fəaliyyət göstərir. Rayon iqtisadiyyatında kənd təsərrüfatı az əhəmiyyət kəsb etmir. 70,3 min hektar rayon ərazisinin 38,6 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 9,5 min hektarını əkin yeri, 1,7 min hektarını çoxillik əkmələr təşkil edir. Kənd təsərrüfatında taxılçılıq və heyvandarlıq əsas yer tutur. 

Perspektivdə turizmin dinamik tərəqqisi üçün əlverişli potensial var və bunun reallaşdırılası üçün əməli addımlar atılır. Rayon ərazisinin Xəzər dənizi ilə 40 kilometrlik sərhədi mövcuddur. Sahilyanı ərazilərin böyük hissəsində meşə zolaqlarının, dağ kəndlərində gözəl mənzərəli yerlər, meşələrin olması da rayonda turizmin inkişaf etdirilməsi üçün münbit şərait yaradır. 

Rayonda vaxtın səmərəli keçməsi üçün 1000 oturacaq yeri olan Siyəzən şəhər stadionu və 3 süni örtüklü mini-futbol meydançası fəaliyyət göstərir.  Qeyd edək ki, bu ilin oktyabrın 12-13-də Siyəzəndə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə alpinist Akif Rüstəmovun xatirəsinə həsr olunmuş qayayadırmanma üzrə açıq kubok yarışları keçirilib. Rayon ərazisindəki "Beşbarmaq" massivində keçirilən turnirdə müxtəlif yaş qrupları üzrə 72 idmançı qüvvəsini sınayıb.  Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran və İngiltərə idmançıları da mübarizə aparıblar. Qayalıqda marşrutların qurulmasında Rusiyadan dəvət olunan beynəlxalq dərəcəli idman ustaları iştirak ediblər.  "Elit" kateqoriyası üzrə idmançılar boldrinq, cütlük və mürəkkəb dırmanma mərhələlərində yarışıblar.  Bu qəbildən olan tədbirlər rayon sakinləri tərəfindən məmnnuluqla qarışlanır. 

Rayonda əsas perspektiv inkişaf planları isə bunlardır: neft və qaz istehsalının dəstəklənməsi, taxılçılığın dəstəklənməsi, quşçuluq sənayesinin inkişafı, üzümçülüyün inkişafının dəstəklənməsi, yol infrastrukturunun bərpası, emal müəssisələrinin yaradılması, turizmin inkişafı. 

Rayonda sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulması üçün də əməli addımlar atılır. Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bunun real nümunəsi saymaq olar. Qeyd edək ki, bununla bağlı  layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir. Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi ikinci Bakı su kəməri qəbul edilib. Fransanın "SADE" və Azərbaycanın "RAMKO" şirkətləri arasında imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə uğurla realalşdırılıb. Şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulub. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılıb.  Çirkab sutəmizləyici qurğunun tikintisi də mühüm işlər sırasındadır. Digər sahələr üzrə də sürətli inkişaf üçün müvafiq addımlar atılır.

R.BAYRAMOV

(ardı var) 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən  maliyyələşdirilən "Regionların  sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.