Azərbaycanlıların Rusiyada biznesi sıxışdırılır

9 Noyabr 2013 09:03 (UTC+04:00)

Bir müddətdir ki, rəsmi Moskvanın kobud miqrasiya siyasətinə başladığı məlumdur. Görüntülərdən sezilir ki, Federasiya artıq qeyri-leqal əməkçi miqrantlara qarşı sanki faşizm rəftarı göstərir. Deportasiya bir yana, əməliyyatlar zamanı ağır yaralanan, həbs olunan və hətta həyatını itirmişlər də var.

Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin açıqlamasına görə, ölkədə 2 milyonu leqal, 4 milyonu isə qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaqla 6 milyona qədər xarici ölkə vətəndaşı var. Miqrantlar arasında ən çox Özbəkistan vətəndaşlarıdır. Azərbaycanlıların sayının isə təqribən 2 milyona yaxın olması göstərilir. Ancaq Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, hökumət hazırda Rusiyada yaşayan təxminən yarım milyon azərbaycanlının vətənə qayıdacağı bəyan edib. Qeyd edək ki, Rusiyada qeyri-leqal əmək miqrantları ilə bağlı məsələ Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra aktuallaşıb. Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalov təqsirləndirilir. Ona görə də təzyiq göstərilənlər arasında həmyerlilərimizin daha çox əziyyət çəkdiyi bildirilir. Fikirlər səsləndirilir ki, Rusiyanın belə qaba miqrasiya siyasətinin arxasında iqtisadi yəni, miqantların nəzarətində olan biznes sahələrinin ələ keçirilməsi məqsədi durur.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirir ki, miqrantlara qarşı siyasətində dövlət iradəsinə yaraşmayan bəzi nüanslar var: "Xüsusi ilə MDB ölkələrindən gedən miqrantlar ən ağır işlərdə işləyirlər. Təbii ki, onların bir çoxu obyektiv olaraq rus dilini bilmədiklərindən orada müəyyən problemlər çıxarırlar. Amma bu hadisəni bütün miqrantlara şamil etmək doğru olmazdı. Miqrantların böyük bir hissəsi, xüsusi ilə Orta Asiyadan olanlar Rusiyada ən ağır və çirkli işlərdə işləyirlər. Rusiya hökuməti iqtisadi sahədə uğurlar qazanan, böyük kapitala sahib olan miqrantlara qarşı təzyiqlər göstərir və onların maliyyə kapitalını ələ keçirə bilməsə də, ən azında nəzarət edəcək mövqe qazanmaq istəyir. Rusiya ictimai rəyində buna birmənalı münasibət yoxdur. Məntiqli düşünən ruslar hökumətin bu siyasətinə qarşı çıxır. Ümumən Rusiya ictimaiyyətində miqrantlara qarşı antipatiya var. Miqrantlara bu cür qaba yanaşmanın kökündə iqtisadi ilə yanaşı, demoqrafik məsələlər durur. Çünki, Rusiyada doğum olduqca azdır və əhali sürətlə qocalır. Bu baxımdan miqrantların Rusiyaya gəlməsi, orada ailə qurması, ruslara nisbətən daha çox uşaq dünyaya gətirmələri rəsmi Moskvanı narahat edən məsələlərdən biridir. Amma Rusiya miqrantların əməyinə möhtacdır. Ruslar ağır işlərdə işləmək istəmirlər. Ruslar həm də miqrantlardan ölkələrinə təzyiq vasitəsi kimi istifadə edir. Ancaq bu, heç də dövlət siyasətinə yaraşmayan strategiyadır. Bu günə qədər MDB ölkələrinin miqrantlarına qarşı elə də ciddi təzyiqin olmadığını görürdük. Ona görə də Rusiyanın miqrantlara qarşı bu qədər kobud rəftar göstərməsi keçmiş MDB ölkələrində yaşayan ruslara da xeyir gətirmir. Onlar da bu təzyiqlərin nəticəsində müəyyən problemlər yaşaya bilər. Bu baxımdan Rusiya miqrasiya siyasətini yenidən nəzərdən keçirməlidir".

Politoloq Rasim Ağayev bildirir ki, ümumiyyətlə, belə ictimai hadisələr hansısa bir səbəbə görə ortaya çıxmır: "Təbii ki, bu problemlərin arxasında ilk növbədə iqtisadi məqsədlər dayanır. Sosializm quruluşunda bu işlər qeyri-mümkün idi. Çünki, şəxsi kapital, xüsusi mülkiyyət yox idi. Amma indi Moskva kimi meqapolisdə kifayət qədər imkanlı miqrantlar yaşayırlar. İl ərzində həmin miqrantlardan 9 milyar ABŞ dolları həcmində qeyri-qanuni pul alırlar. Rusiyada demək olar ki, kağız üzərində olan qanunlar işləmir. Bütün həyat orda bəzi insanların ilkin bazar qanunları ilə idarə olunur. Hətta əvvəllər Rusiyada vəziyyət daha pis idi. İmkanlı insanları rahat şəkildə öldürə bilirdilər. İndi Putin elə yox, daha incə, gizli üsullara keçib. Ümumiyyətlə, Rusiyada miqrantlara qarşı bu cür davranış əhalinin böyük rəyi ilə baş tutub. Ancaq belə bir daxili mühit təkcə Rusiyaya xas deyil. 1960 - cı illərdə oxşar problem Fransada da yaşanırdı. Vaxtı ilə Böyük Britaniya imperiyası dağılanda Londona Hindistan, Pakistandan miqrantlar gəlmişdilər. İngilislər də məsələləri tənzimləməyə məcbur oldular. Hətta Almaniyada da narazılıq var. Almanlar deyir ki, türklərin əlindən yer tapmırıq. İndi də ruslar edirlər. Ancaq bizə elə gəlməsin ki, bu, xüsusi ilə azərbaycanlıların əleyhinədir".