Azərbaycan-İran sərhədində gərginlik qalmaqdadır

11 Noyabr 2013 09:55 (UTC+04:00)

Noyabrın 7-dən Biləsuvar sərhəd buraxılış məntəqəsində yaranmış gərginlik dünən nisbətən aradan qaldırılsa da, vəziyyət hələ də dəyişməz qalır. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, piyadaların ikitərəfli gedişi qaydasına düşdüyü halda, Naxçıvan Muxtar Respublikasına gedən ağır tonnajlı yük maşınlarının keçməsinə icazə verilmir: "Bizim tərəfdə dayanmış İran avtomaşınları artıq ölkələrinə qayıdıb. Amma Naxçıvana getmək istəyən maşınlar nə səbəbdənsə gözləməyə məcbur ediliblər. İran tərəfi ilə bizim səlahiyyətlilərimiz arasında növbəti görüş barədə isə hələlik hər hansı açıqlanma verilmir".