Paytaxtın hansı ərazilərində evlərin söküləcəyi bəlli oldu
11 Noyabr 2013 09:30 (UTC+04:00)
Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonları ərazi cəhətdən kiçik,
əhalisi isə sıx olan rayonlardır. Yalnız Nəsimi rayonunda bir
hektar əraziyə 218 nəfər düşür ki, bu da çox böyük
göstəricidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov
AzərTAc-a müsahibəsində bildirmişdir ki, həmin ərazilərdə unikal və
dövlət əhəmiyyətli obyektlər istisna olmaqla, digər inşaat
işlərinin aparılması məqsədəuyğun sayılmır. Həmçinin bu
rayonlardakı köhnə və yararsız binaların sökülməsi də nəzərdə
tutulur. Qaradağ rayonunda isə vəziyyət xeyli fərqlidir. Əhalisi
122 min nəfər, ərazisi 114 min hektar olan rayonda bir hektara
təxminən bir nəfər düşür. Bu amil nəzərə alınmaqla rayonun
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanmışdır.
Burada neft-kimya sənayesinin inkişafı, Ələt qəsəbəsində isə hava
limanının tikintisi və digər infrastruktur layihələrinin həyata
keçirilməsi planlaşdırılır. Bütün bunlar Bakı şəhərinin baş
planında öz əksini tapmışdır.
A. Ələsgərov əlavə etmişdir ki, Qaradağ rayonunun bir hissəsi
dağlıq ərazidir. Odur ki, bundan necə yararlanmaq barədə də
düşünmək lazımdır. Ərazidəki vulkanik yerlərdən turizm məqsədi ilə
istifadə oluna bilər.