Aparılan araşdırmalar göstərir ki, 2011-ci ilin yanvarın 1-ə Azərbaycanda bank əmanətlərinin həcmi 2,9 milyard manat, əmanətçilərin sayı isə 5,4 milyon nəfər təşkil edib. Cari ilin oktyabrın 1-ə olan məlumata əsasən isə, əmanatlərin həcmi iki dəfə artaraq 5,8 milyard manata çatıb. Lakin əmanətçilərin sayı 100 min nəfər azalıb. Azərbaycanda bank sektorunda yaranan bu vəziyyətin səbəbini ekspertlər Movqe.az-a fərqli prizmadan izah ediblər.
İqtisadçı-ekspert Samir Əliyev saytımıza verdiyi açıqlamada bu gün əmanətçilərin sayı azalsa da, qoyulan əmanətlərin həcminin artdığını deyib: "Əmanətçilərin sayında azalma olsa da, əmanətlərin sayında artım müşahidə olunur. Yəni, artıq bir növ kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçilib. Bir müddət əvvəl əmanətçilərin sayına görə onların qoyduğu əmanətlərin həcmi az idi. Artıq adam başına düşən əmanətlərin həcmində artım müşahidə olunur. Bir nəfərə düşən əmanət həcmi təxminən 10 il bundan əvvəlki dövrlə müqayisədə daha çoxdur. Bu, onu göstərir ki, baxmayaraq ki, əmanətlərin sayında təxminən 100 min nəfərə qədər azalma müşahidə edilir, amma biz əmanətlərin sayının getdikcə artmasını müşahidə edirik. Bunun əsas səbəbi onunla bağlıdır ki, artıq insanlar banka daha çox həcmdə əmanət qoymağa çalışırlar. Digər tərəfdən isə, insanların əlavə vəsaitlərinin azalması müşahidə olunur. Yəni, əmanətçilərin sayı azalır. Bu o deməkdir ki, az qisim insanlarda banka qoymaq üçün əlavə vəsait mövcuddur. Bir qrup insanlar evdəki artıq pulu banklara əmanət kimi qoymağa üstünlük verirlər. Müəyyən bir hissə ki var, onların əllərində artıq pulun həcmi çoxalır və bu pulları banka qoyduqda əmanətlərin həcmi daha da artır. Bəzi vətəndaşların gəlirlərində azalma baş verir və nəticədə banka qoymağa artıq pul olmadığı üçün əmanətçilərin sayı azalır. Buna görə də, əmanətlərin artımı son prosesdir. Xüsusən də, Əmanətlərin Siğortalanması Fondu tərəfindən siğortalanan əmanətlərin faiz dərəcəsinin 12 %-dən 10%-ə salınması yəqin ki, əmanətlərin artım tempinə təsir göstərəcəkdir. Araşdırsaq görərik ki, həmin əmanətlərin böyük hissəsi yüksək faizlə qoyulan əmanətlərdir. 12%-dən yüksək olan əmanətlər, ümuminin hardasa 36%-ni təşkil edir. Yerdə qalan 64% əmanətin faiz dərəcəsi 12%-dən aşağıdır. İndi isə 10%-ə qədər aşağı salınıbdır. Yəqin ki, bu qorunan əmanətlərin azalmasına gətirib çıxaracaq. Çünki, insanlar pullarını yüksək faiz təşkil edən banklara əmanət qoymağa çalışacaqlar. Sadəcə, burda bir nüans ondan ibarətdir ki, biz bilirik, Mərkəzi Bankın qərarına görə, bankların nizamnamə kapitalı gələn ildən 50 milyon manat olmalıdır. İlin sonu yaxınlaşır və nizamnamə kapitalı 50 milyondan aşağı olan bankaların bağlanması məsələsi gündəmə gələ bilər. Ona görə də, insanlar bir qədər gözləmə mövqeyindədirlər ki, görək hansı bank bağlanacaq, hansı bank yoluna davam edəcək. Bu halda, artıq banklar müəyyən ediləndən sonra insanlar yenidən kütləvi şəkildə banklara əmanət yatırmağa üstünlük verəcəklər".
İqtisadçı-ekspert Qadir İbrahimli isə Movqe.az-a verdiyi açıqlamada bu azalmanın səbəbini insanların bank sektoruna olan inamının itməsi ilə izah edib və bu sahədə bir sıra tədbirlər görülməsinə ehtiyac olduğunu bildirib: "Bu, əlbəttə ki, müsbət tendensiya deyil. Mən bu inamsızliğı baş verən hadisələrlə əlaqələndirərdim. Hər bir vətəndaş əmin olmalıdır ki, onun qoyduğu əmanət tam siğortalanmış vəziyyətdədir. Hətta, bank batsa belə, həmin əmanət geri qaytarılacaq. Bildiyiniz kimi, Əmanətlərin Siğortalanması Fondu faiz dərəcəsi 10%-dən çox olmayan 30 minə qədər olan əmanətlərə təminat verilir. 30 mindən yuxarı və illik faiz dərəcəsi 10%-dən çox olan əmanətlər üçün isə heç bir təminat vermir. Mənə elə gəlir ki, insanlar arasında bir qədər maarifləndirmə işləri aparılmalıdır. Müştərilər bilməlidir ki, qoyulan əmanətlərə görə tam təminat verilir. İlk növbədə bu məsələ öz həllini tapmalıdır. İnsanların bank sektoruna olan inamı bərpa olunmalıdır. Düşünürəm ki, siğortalanan əmanətlərə qoyulan maksimal hədd artırılmalıdır. genişləndirilməlidir. Həmin həcm 30 min manat yox, 100 min manata qədər qaldırıla bilər. Bu yolla həmin inamı bərpa eləmək olar və daha çox müştərini banka cəlb etmək olar".