Hit mahnılar da qəhətə çəkilir

12 Noyabr 2013 16:46 (UTC+04:00)

Musiqi dünyasının təmsilçiləri üçün hər zaman priortet sayılan məsələlərdən biri də hit mahnıların müəllifinə çevrilməkdir. Bu həm mahnının sözləriən yazanlara, həm onu bəstələyənlərə, həm də ifaçılara aiddir. Lakin o da birmənalı həqiqətdir ki, əvvəlki illərdən fərqli olaraq bu gün hitə çevrilən mahnıların sayı elə də çox deyil və bu sahədə azalma müşahidə olunur. Təbii ki, bu da musiqi sahəsində tənəzzül göstəricisi kimi də dəyərləndirilə bilər. 

Məsələyə münasibət bildirən müğənni İlqar Muradov Mövqe.az-a açıqlamasında qeyd edir: "Təəssüf edirəm ki, indi əvvəlki  dövrlərdə olduğu kimi məşhur, dillər əzbəri olan mahnılar yazılmır. Müğənni daha mahnı ilə özünü təsdiq edə, söznü deyə bilmir. Bəlkə də artıq mühit dəyişilib, zövqlər, fikirlər, musiqi məktəbləri, təhsil dəyişilib. Bəlkə də səbəb bunlardadaır. Dəyişən çox şey var. Zaman həmin zaman deyil. İnsanların zövqü fərqlidir. Bəlkə də daha o cür mahnılara tələbat yoxdur. Ancaq bu vəziyyət məni də narahat edir, təssüfləndirir. İndi tamaşaçıların zövqünü nəzərə alıb, mahnı yazırlar. Görünür, onlar da belə, ara  mahnılara daha çox həvəs edir. Sənət yaddan çıxır. Mahnılar get-gedə bayağılaşır. Ancaq bunu bütün bəstəkarlara şamil etmək olmaz. Çünki bizdə hələ də yaxşı mahnılar yazan bəstəkarlar var".

Müğənni Ədalət Şükürovun isə məsələyə münasibəti belə oldu: "Mən ümumiyyətlə, razı deyiləm ki, Azərbaycanda hit mahnılar yoxdur və daha yazılmır. Sadəcə, bizdə problem zamanla bağlıdır. O vaxtlar "Sən gəlməz oldun" u bəstələyən Ələkbər Tağıyevə gülürdülər. Deyirdilər ki, sən kimsən ki, mahnı yazırsan. Prokurorsan, get prokurorluğunu et, bu nə mahnıdır axı, sən yazırsan? Ancaq illər keçdi, o mahnı özünü sübut etdi, yaddaşlarda qaldı, hitə çevrildi. Necə ki, mən yazdığım "Dünya sənindir gözəl" mahnısı dillərdə qalıb. Hara gedirəm, görürəm o mahnı səslənir. Ona görə demək olmaz ki, hit mahnılar daha yoxdur".