Aşura günündə İçəri şəhərdəki «Cümə» məscidində qanvermə aksiyası keçiriləcək

12 Noyabr 2013 16:54 (UTC+04:00)

Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzərt Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi müsəlmanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında Məhərrəm ayının keçirilməsi ilə bağlı fətva verilmişdir.


Fətvada daha sonra son illər təziyə günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın tibbi ehtiyacları üçün Kərbala şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkil olunması ən münasib əzədarlıq nümunəsi kimi göstərilmişdir. Bu il noyabr ayının 14-nə təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçiriləməsi qərara alınmışdır.


Həmin qanvermə aksiyalarının keçiriləcəyi yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçəri şəhər "Cümə" məscididir. Məsələ ilə bağlı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirmişdir ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal almışdır.


Hacı Surxay qeyd etmişdir ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcəkdir. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaqdır. Buz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və "Cümə" məsciddə bu aksiya artıq 8-ci dəfə təşkil olunacaqdır.


Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılmışdır. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulmacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 260 nəfər insan iştirak etmişdir. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olmuşdur.


Məlumat üçün bildiririk ki, Səbail rayonunda "Cümə" məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə


aksiyası keçiriləcəkdir. Bunula əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülmüşdür.