Kommunal xidmətlərə ayrılan vəsaitlər azaldıla bilər

12 Noyabr 2013 17:09 (UTC+04:00)

"Kommunal xidmətlərə ayrılan vəsaitlər yüksəkdir. Mənzil-kommunal sahəsinə ayrılan vəsaitləri azaldaraq başqa sosial sahələrə ayırmaq mümkündür".


Bu sözləri Milli Məclisin bu günkü iclasında Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli büdcəsinin müzakirəsi zamanı söyləyib. 


Millət vəkili eyni zamanda, təhsil sahəsində keçirilən islahatları yüksək qiymətləndirdiyini də söyləyib: "Təhsil sahəsində islahatlarla bağlı ayrıca strategiya qəbul olundu. Biz bu sahədə yeni bir mərhələni başandığını görməkdəyik".


Ə.Hüseynli çıxışı zamanı, Azərbaycanın dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınması təklifini edib.


O, söyləyib ki, Azərbaycanın dağlıq ərazisinin böyük bir hissəsi işğal altında olduğu üçün əhalinin dağlıq ərazidə yaşama vərdişini unudub: "Buna görə də hökumət gələcəkdə büdcə vəsaitlərindən ölkənin digər dağlıq ərazilərində yeni yaşayış məskənlərinin salınmasına da vəsait ayırmalıdır".