Şəkər xəstəliyinin çarəsi ölmüş insanların mədə altı vəzinin nəqlindədir-Araşdırma

13 Noyabr 2013 16:18 (UTC+04:00)

14 noyabr Ümumdünya Diabet Günüdür (ÜDG).  Şəkər xəstələrinə diabet günü öncəsi bir şad xəbər verildi. Yayılan məlumatlarda bildirilir ki, şəkər xəstəliyinın əməliyyatla çarəsi  tapılıb. Türk mətbuatının yaydığı xəbərə görə, cərrahiyyə mütəxəssisi Dr. Alper Çelik, diabet xəstələrinə  "ileal interpozisiya" əməliyyatı ilə müalicə tətbiq etdiklərini deyir. Bu günə qədər 400 xəstə əməliyyatla müalicə edilib. Əməliyyat etdikləri xəstələrin hamısının müqavimətli diabet xəstələri olduğunu izah edən həkim, Türkiyədə effektiv, radikal və şüurlu müalicə gözləyən milyonlarla şəkər xəstəsi olduğunu, ən güclü müalicənin də tip- 2 diabet üçün cərrahi müalicə olduğunu ifadə edib.''18-65 yaş arasında müalicə, pəhriz dərman müalicəsi, insulin və məşqlə qan şəkərini salmağı bacara bilməmiş, nəticə ala bilməmiş və artıq orqan ziyanı ortaya çıxmış diabet xəstələrinə bu cərrahı müdaxilə tətbiq ediləcək" - həkim belə deyib.  Mütəxəssis deyir ki, xəstə əgər qan şəkərini nəzarət altında saxla bilirsə, pəhrizini və  məşqini edə bilirsə, dərmanlardan-insulindən fayda görübsə, bu fərdlər əməliyyat edilmir: "İnsülin istifadəsi ilə əlaqədar uyğunlaşma problemləri yaşanırsa, ya da insulinlə bağlı yan təsirlər ortaya çıxmağa başlamışsa, əməliyyat əhəmiyyətlidir.'

 Həkim, Braziliya, İtaliya, Amerika, Yaponiya, Hindistanda əməliyyatın həyata keçirildiyini söyləyib. 

Qeyd edim ki, hazırda dünyada 371 milyon insanda ŞD diaqnozu qeyd olunur. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 182 min nəfər təşkil edir. Yayılmış bu xəbərin şəkər xəstələri üçün maraqlı olacağını nəzərə alaraq Movqe.az şəkər xəstəliyinın əməliyyatla çarəsinin nə olduğunu araşdırıb. Kiçik araşdırma zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, əməliyyat ancaq meyiddən götürülmüş mədə altı vəzin şəkər xəstəsinə nəqli yolu ilə mümkündür. Bu barədə bir qədər sonra...

Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, bədənin şəkər xəstəliyindən zərər görməsinin qabağını almaq üçün ən yaxşı müalicə insulin ifraz etməyən mədə altı vəzisinin yerinə yeni bir mədə altı vəzisi nəql etməkdir. Əgər diabet səbəbi ilə xəstənin böyrəkləri də zərər görübsə, bu dəfə həm böyrək həm də mədə altı vəzisinin nəqli olmalıdır. Beləcə xəstə həm şəkər xəstəliyindən həm də böyrək kifayətsizliyindən ömür boyu xilas olur. Araşdırma zamanı bəlli olub ki, bu əməliyyat Azərbaycanda aparılmır. Azərbaycanda orqan nəqlinə icazə verilən tibb müəssisələrindən biri olan Mərkəzi Neftçilər Xəstəxanasının transplantasiya şöbəsindən Movqe.az-a bunun səbəbini belə izah ediblər: "Bu əməliyyat, yəni mədə altı vəzin nəqli ölmüş insandan götürülmüş mədəaltı vəz vasitəsilə köçürülür. Azərbaycanda isə ölmüş insanların orqanlarından transplantasiyanı təşkil edən təşkilat yoxdur. Ona görə də, bu əməliyyat Azərbaycanda aparılmır".

Qeyd edək ki, qonşu Türkiyədə çox az mərkəzdə bu nəql tətbiq edilir. Bu əməliyyat Türkiyərə Memorial Xəstəxanasında aparılır. Movqe.az-ın sorğusuna cavab olaraq Memorial Xəstəxanasından bildiriblər ki, Türkiyədə bu əməliyyat yalnız bu ölkənin vətəndaşları üçün aparıla bilər. Əməliyyat xərcini isə dövlət qarşılayır. Xarici ölkələrin vətəndaşlarının Türkiyədə  mədə altı vəzinin nəqlini Orqan Nəql Mərkəzlərində həyata keçirməsi mümkünsüzdür. Çünki, əməliyyat üçün ölmüş insanın mədə altı vəzindən istifadə edilir. Qanunla Türkiyədə bu əməliyyat yalnız türk vətəndaşları üzərində aparıla bilər.  Azərbaycanda isə mədə altı vəzin nəqli əməliyyatı yolu ilə yaxın illərdə şəkər xəstəliyinin birdəfəlik müalicəsi mümkün deyil. Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Movqe.az-a bildirib ki, Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə "2005-2009-cu illər üzrə "Şəkərli diabet üzrə Dövlət proqramı" təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə "2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı" təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb. 

Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.