4-cü mobil operator nə vaxt gələcək?

13 Noyabr 2013 16:36 (UTC+04:00)
Azərbaycanda mobil rabitə tariflərinin qiymətinin bahalığı ilə bağlı narazılıqlar olan ərəfədə qiymətlərin 3-cü mobil operator bazara daxil olduqdan sonra enəcəyi bildirilirdi. Amma 3-cü mobil operatorun gəlişi də standrt tariflərdə ucuzlaşmaya səbəb olmadı. İnid isə ekspertlər hesab edirlər ki, mobil rabitə qiymətlərinin ucuzlaşması üçün 4-cü mobil operatorun gəlişinə ehtiyac var.  Movqe.az-a açıqlamasında İKT üzrə ekspert Cahid İsmayıloğlu deyib ki, mobil operatorların sayının artması bu sahədə rəqabət mühiti yaradır: "Mobil operatorların sayı artdıqca göstərilən xidmətin keyfiyyəti və qiyməti aşağı enir. Mobil operatorlar abonent cəlb etmək üçün rəngarərng kampaniyalar təqdim edirlər. Təbii ki, bazara 3-cü mobil operatorun gəlişi mobil rabitə bazarında rəqabət mühiti yarada bildi. Amma qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşması üçün mobil operatorlar öz aralarında qiymət siyasətinə yenidən baxmalıdırlar. Nömrə daşınma sisteminə keçid də qiymətlərə öz təsirini göstərəcək".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə hələki 4-cü mobil operatorun gəlişinin gözlənilmədiyini söyləyib. Onun sözlərinə görə, hələki nazirliyə belə bir müraciət daxil olmayıb.