Elşad İskəndərovun erməni jurnalistə cavabı
13 Noyabr 2013 20:45 (UTC+04:00)
Avropa Parlamentində ermənistanlı jurnalistin
milli azlıqlarla bağlı sualını cavablandıran Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ermənilərin
Ermənistandan fərqli olaraq Azərbaycanda rahat yaşaya bildiklərini
deyib.
Movqe.Az Trend-ə istinadla xəbər verir ki,
noyabrın 12-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında
"Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən
hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqiliyə
doğru" adlı hesabatın təqdimatı zamanı Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad İskəndərov da çıxış
edib:
"Çox önəmlidir ki, bu hesabat məhz Vilnüsdə
keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində və məhz Avropa
Parlamentində təqdim edilir. Bu hesabatın ayrı-ayrı müddəaları ilə
razılaşmasaq da, ümumilikdə sənəd Azərbaycanda dinlərarası
tolerantlığın yüksək səviyyəsini obyektiv əks etdirir. Ümidvarıq
ki, zaman-zaman dünyada dinlərarası gərginliyin artması ilə bağlı
narahatlıqlarını ifadə edən Avropa Parlamentinin daha çox üzvü bu
hesabatla tanış olduqdan sonra Avropa qitəsində unikal və pozitiv
bir modelin olması həqiqətlərinə gözləri açılacaq. Bu, əhalisinin
əksəriyyətinin müsəlman olduğu, eyni zamanda dini dözümlülükdə bir
sıra Avropa ölkələrindən öndə gedən Azərbaycanın tolerantlıq
modelidir".
Komitə sədri onu da qeyd edib ki, obyektiv
hesabatların hazırlanması sadəcə Azərbaycanın lehinə deyil.
Həqiqəti qəbul etməklə Avropa qurumları dünyada öz nüfuzlarını da
qaldırmış olurlar. Bu cəhətdən, belə obyektiv hesabatlar Avropanın
da işinə yarayır.
Təqdimatın sonunda Azərbaycan nümayəndələrinə
mövzu ilə bağlı suallar verilib. Suallardan biri Azərbaycanda milli
azlıqların, xüsusilə də ermənilərin vəziyyəti ilə bağlı olub. Məlum
olub ki, sualın müəllifi Ermənistanın "Ararat" qəzetini təmsil edən
Ermənistan əsilli yezidi kürdüdür.
Ermənistanlı jurnalistin sualını cavablandıran
Elşad İskəndərov Azərbaycanın bu məsələdə Ermənistandan müsbət
mənada çox fərqləndiyini qeyd edib: "Etnik təmizləmə nəticəsində
monoetnik dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq
Azərbaycanda hətta ermənilər belə rahat yaşaya bilirlər.
Azərbaycanda bütün milli azlıqların nümayəndələrinin milli-mədəni
hüquqları qorunur və heç bir millətə və ya etnik qrupa qarşı
ayrı-seçkilik mövcud deyil".