Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun Türkiyənin “Milliyet” qəzetində məqaləsi dərc olunub

14 Noyabr 2013 13:48 (UTC+04:00)

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Türkiyənin nüfuzlu "Milliyet" qəzetində məqaləsi yayımlanıb.


 "Azərbaycan və Türkiyə əlaqələrinin gələcəyi" adlanan məqalədə E. Aslanov bir sıra məsələlərə toxunub.

Məqalədə qeyd olunub ki, prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi ikitərəfli əlaqələrdəki yaxınlığın səviyyəsini aydın göstərir: "Bu, sadəcə strateji ortaqlıq olaraq tamamlanmır, ondan daha çox bir dost münasibətləridir; ortaq dəyərlərə, tarixə, mədəniyyətə, dinə, dilə, coğrafiyaya bağlı bir qardaşlıqdır. Bir tale ortaqlığıdır. Türkiyənin inkişafı Azərbaycanın olduğu qədər, Azərbaycanın da inkişafı Türkiyənin inkişafı deməkdir. Biz azərbaycanlılar bunu həmişə belə qəbul edirik".

Yazıda bildirilir ki, ən çətin anlarda belə hər iki dövlət bir ortaq missiya ilə hərəkət edib. Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllində Türkiyə həmişə Azərbaycanı müdafiə edib və yanında olub, beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib: "Bu çərçivədə Türkiyənin Ermənistan ilə sərhədlərin açılmasına dair görüşlərdə Qarabağın işğalına son verilməsini ön şərt olaraq qoyması Türkiyənin qərarlı siyasətini göstərir. Lakin işğalçı Ermənistanı indi sadəcə Azərbaycan və Türkiyə cəzalandırır".

Yazıda ermənilərin 2015-ci ildə keçirəcəkləri uydurma "soyqırım"ın 100 illiyi tədbirlərinə qarşı birlikdə daha çox mübarizə aparmağın vacibliyi vurğulanıb: "Çanaqqalada 3 min azərbaycanlı türkün mehmetçiklə çiyin-çiyinə apardıqları qəhrəman mübarizə yalançı soyqırıma qarşı aparacağımız mübarizəyə ilham olmalıdır".

Məqalədə həmçinin Trans-Anadolu Boru Kəmərinin (TANAP) əhəmiyyəti vurğulanıb. Azərbaycanın 2020-ci ilədək Türkiyəyə 20 milyard dollara yaxın sərmayə yatıracağı bildirilib: "Əlaqələrimizi daha da genişləndirmək üçün bütün platformalar və imkanlardan istifadə edirik və etməkdə davam edəcəyik. Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt buna nail olmayacaqlar. Şübhə etmirik ki, Azərbaycan hər zaman Türkiyənin mənafelərini öz mənafeyi olaraq gördüyü kimi, Türkiyə də Azərbaycanın beynəlxalq səviyyədə mənafelərini özününkü kimi müdafiə edəcək".