"Xruşşovka"ların sökülməsi aktuallaşdı

14 Noyabr 2013 16:28 (UTC+04:00)

Bakıda "xruşşovka"lar adlanan panel beşmərtəbəli binaların gələcəyi məsələsi öz həllini tapmalıdır. Bunu  deputat Elmira Axundova bildirib. Millət vəkili deyib ki, bu binalar həm mənəvi, həm də fiziki baxımdan köhnəlib: "Misal üçün, Moskvada və ümumilikdə Rusiyada belə yaşayış binalarının sökülməsi ilə bağlı qərar qəbul edilib. Bu məsələ xeyli vəsait tələb edir, lakin gələcəkdə həll olunmalıdır".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru  Ramil Osmanlı Movqe.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi: "Elmira xanım haqlıdır. Ondan qabaq da bu məsələ dəfələrlə aktual olubdur və müzakirəyə qoyulubdur. Amma, görünür, hələ ki, tikinti şirkətləri paytaxt ərazisində müəyyən qədər boş yerlər tapa bilirlər. Onlar daha çox fərdi yaşayış evlərinin məskunlaşdığı, fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin alınmasında maraqlıdırlar. Çünki, bu onlara daha ucuz başa gəlir. Bu səbəbdən də, təbii ki, çoxmərtəbəli binaların, yəni 5-6 və ya 9 mərtəbəli binaların alınıb sökülməsində maraqlı deyillər. Düşünürəm ki, təkcə söhbət "xruşşovka" layihəli mənzillərdən getmir. Təxminən 20-ci əsrin əvvəllərindən etibarən tikilən alman layihəli binalardan başlayaraq italyan layihəli, "xruşşovka"layihəli, fransız layihəli evlərin sökülməsi istiqamətində addımlar atılmalıdır. Bu, təkcə mənəvi və fiziki baxımdan aşınma ilə izah olunmamalıdır. Bu evlərə bir qədər beynəlxalq standartlara cavab vermək baxımından yanaşsaq, görəcəyik ki, bu tipli binalarda yaşayış üçün minimum tələblər belə pozulur. İnsanın normal yaşaması üçün yetərli şərait mövcud deyildir. O baxımdan, mən də hesab edirəm ki, söküntü işləri aparılmalıdır. Bunun mənzil bazarına təsirinə gəlincə isə, düşünmürəm ki, mənzil bazarında ciddi bir dəyişikliyə gətirib çıxara bilər. Və yaxud da, bu, qiymət artımına və ya azalmasına təsir edə bilər. Əksinə, düşünürəm ki, mənzil fondunun təkmilləşməsi baxımından daha da optimal və pozitiv bir addım olardı". 

"Əmlak Bazarı İştirakçıları" Birliyinin əməkdaşı  Rövşən Talıbzadə "xruşşovka"  tipli binaların artıq istismar müddətinin başa çatdığını bildirib: "Ümumiyyətlə, "xruşşovka" binalar tikilərkən istismar müddəti 30 il nəzərdə tutulubdur. Belə binalar beynəlxalq standartlara uyğun olaraq 30 il istifadə oluna bilər. Və artıq bu binaların hamısı vaxtı keçmiş binalar sayılır. Amma bu gün əmlak bazarında mənzil çatışmazlığı var. Yəni, insanların mənzillərə böyük tələbatları var. Belə bir məqamda "xruşşovka" evlərin də sökülməsi böyük bir qiymət artımına, qarışıqlığa səbəb ola bilər. Belə evlərin sökülməsi zəruridir. Amma, bu işi müntəzəm şəkildə həyata keçirmək lazımdır. Bu söküntü işini onların yerinə alternativ evlər tikməklə, sakinləri o alternativ binalara köçürməklə həyata keçirmək olar. Birdən-birə ucdantutma o binaların hamısının sökülməsi bazarda böyük bir çaşqınlığa səbəb olar. Bu, qiymətlərin artmasına, insanların arasında çaxnaşma yaranmasına səbəb ola bilər. Ona görə də, sökməzdən əvvəl o binaların Bakı ətrafında alternativi salınmalıdır. Belə evlər salınmalıdır ki, bu istismar müddəti bitmiş binalar söküldükcə, oranın sakinləri müəyyən konpensasiya ödənməklə həmin binalara köçürülsün. Və ya həmin binaların yerində tikiləcək binalarda sakinlərə mənzil verilməlidir. Bu təcrübədən də istifadə olunub. Məsələn, bu yaxınlarda Elmlər Akademiyası metrostansiyasının yaxınlığında iki 5 mərtəbəli "xruşşovka" tipli bina sökülüb, əvəzində yeni tikili tikilir. Həmin binanın sakinləri yenisi tikiləndən sonra ordan mənzil ilə təmin olunacaqlar. Yəni, belə bir təcrübə daha böyük, effektiv nəticə verə bilər. Həmin o sakinlər yeni binanın tikilməsi müddətində hardasa kirayə qalırlar. Binanın tikilişi başa çatdıqdan sonra yenidən öz yaşadıqları yerə köçəcəklər.  

Bundan başqa, bizdə bəzən yol kənarlarında olan "xruşşovka" tipli binaların bərpası işinə də rast gəlmək olur. Binanın üz qabığı, fasad  örtüyü bəzədilir. Bunlar da müəyyən tədbir olsa da, binanın ömrünə təsir eləmir. Bu, çox müvəqqəti bir xarakter daşıyır ki, bir tərəfdən də binanın yüklülüyü çoxalır. Sadəcə olaraq, binanın xarici görünüşü dəyişir. Amma bu, binanın istismar müddətinin itirdiyi həqiqətini dəyişmir və ömrünü də uzatmır. Yəni, bu gün Bakıda "xruşşovka" layihəli binaların vaxtı keçibdir və növbə yəqin ki, "stalinka" tipli binalara gəlib çatacaq".