Fərhad Bədəlbəyli: "Məni də satıblar"
15 Noyabr 2013 11:21 (UTC+04:00)
"Hər şey yaxşıdır desəm həqiqətən uzaq olar, amma
uğurlarımız da çoxdur. Bolqarıstanda beynəlxalq müsabiqədə
bizimkilər 1, 2 və 3-cü yerləri tutublar. Həm pianoçularımız, həm
də skripkaçılarımız. Müəllimlərimiz Fidanla Xuraman dünya
səhnələrində sözlərini deyirlər, bəstəkar Arif Məlikovun 80
illiyini qeyd etdik. Burda, Üzeyir bəyin ocağında uğurlarımız
çoxdur".
Bu fikirləri APA TV-də yayımlanan "İlqar Rəsul və..." proqramının
qonağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
rektoru Fərhad Bədəlbəyli deyib.
Fərhad Bədəlbəyli musiqi aləminə addım atdığı ilk illəri
xatırlayıb:
"50-ci illərdə qəhrəmanlarımız Baxı dinləyib valeh olan balaca
oğlan uşağı idi. O uşaq sonradan böyüyüb böyük musiqiçi olur. Bu
gün təəssüflər olsun ki, qəhrəmanlarımız banditlər, əxlaqsız
qızlar, serial qəhrəmanlarıdır. Mən ən böyük məktəbimi dahi
Niyazinin evində keçmişəm. Onun övladı yox idi və məni özünün oğlu
hesab edirdi. O evdə ikinci konservatoriyanı qurtarmışam. Allah
rəhmət eləsin Niyazi müəllimə, Həcər xanıma. Hər konsertdən sonra
süfrə açılar, İran aşı bişirilərdi o evdə. Rastropoviç, Şestakoviç,
Raykin... Kimlər olmazdı o evdə. Biz də Poladla, Fidanla, Xuramanla
balaca idik, onları dinləyərdik. Maestro deyirdi ki, get mənim
xətrimə bir saat futbol oyna, sonra beş saat piano çalacaqsan. O nə
deyirdi, mənim üçün qanun idi. Hərdən düşüb futbol da oynayardı
mənimlə, birlikdə çimərliyə gedirdik. Fəxrlə əlindən tutub
gedirdim, elə bilirdim hamı ona yox, mənə baxır. Birdən qoşuldu
balıqçılara, mən də dedim axı, siz böyük adamsınız, onlar kim, siz
kim? Dedi ki, sən sadə adamlarla dostluq elə, gələcək həmkarlarınla
yox. Çünki həmkarlar səni satacaq, sadə adamlar isə yox. Yaralı
idi, çünki intriqalar çox idi, səviyyəsizlər Qara Qarayevin, onun,
Fikrət Əmirovun arasına intriqalar salırdılar. O söz hələ də
qulaqlarımdadır, ona görə də mənim çox dostlarım sadə
adamlardır".
Fərhad Bədəlbəyli həyatda satqınlıqla üzləşdiyini deyib:
"Motsart-Salyeri əhvalatı bu gün də var. Sənətdə yox, amma məni
dəsatıblar. Bəzi insanlar pulu görəndə titrəyirlər".
"Bədəl bəy Şuşalı maarifçi-pedaqoq və Üzeyir bəyin dostu idi. Qori
seminariyasını birlikdə oxumuşdular. Bir maraqlı əhvalat da olub,
"Leyli və Məcnun" operasını ikinci pərdəsində Məcnunun səsi batıb,
Üzeyir bəy deyib ki, Bədəl bəy, sən çıx oxu, müəllim çıxıb oxuyub.
Görünür, musiqini bilib və bütün məşqlərdə olub. Sovet küçəsində
məktəbi vardı, orada da yığışıb teatrın işini görürdülər. Ən əsas
işi maarifçilik olub. Məmmədəmin Rəsulzadə bir məqaləsində yazır
ki, nə yaxşı ki, Bədəl bəyin bu məktəbi var və burada ədəbi-bədii
gecələr keçiririk".
Fərhad Bədəlbəyli babası ilə bağlı maraqlı faktları açıqlayıb:
"20-ci ildə Bədəl bəylə Nəriman Nərimanov nərd oynayırlarmış. Hər
ikisi çox kədərli imiş. Bədəl bəy deyib ki, yenə müstəmləkə olduq.
Nərimanovun ölümü də müəmma oldu, hər halda tariximizin böyük
şəxsiyyəti idi. 37-ci ildə iki əmim heç nədən sürgün olundu. Davud
əmimin yoldaşı Əmircanovlardan olduğu üçün. Qadının əmisi xaricdə
yaşayırmış. Əmimi çağırıb deyiblər ki, ya arvadını boşa, ya Sibirə
gedəcəksən. Əmim deyib necə yəni, kişi belə halda necə hərəkət
edər. 15 il Sibirdə yaşayıblar, xalq düşməni kimi. Atam deyirdi sən
Bədəlbəylisən, əgər sənət kimi özünə pianonu seçmisənsə, birinci
olmalısan. Ona görə qızım da dedi ki, birinci olmaq çətindir və
keçdi biznesə. Mən indi də Üzeyir bəyin ruhu ilə danışıram,
məsləhət alıram. Üzeyir bəy olmasaydı, bizdə musiqi sənəti,
incəsənət bu qədər yüksək səviyyədə olmazdı, Dubaydakı kimi olardı.
Bizə musiqini Üzeyir bəy verdi, məktəb onun, kitablar onundur.
Fikrət Əmirov, Əfrasiyab, Niyazi - hamısı onun yetirmələridir.
Los-Ancelesdə "Arşın mal alan"ı səhnəyə qoyduq, Üzeyir bəyin adı
ilə oynandı, mahnılar Azərbaycan dilində ifa olundu. Zal
amerikanlarla dolu idi, Cənubi Azərbaycandan olanlar və farslar da
çox idi. 38-ci ildə həmin yerdə Üzeyir bəyin adını da çəkmədən
həmin əsəri plagiat oynamışdılar. Ürəyimdə onun ruhuna dedim ki,
ustad, indi bu zal sənin qarşında baş əyir. "Arşın mal alan" yeganə
əsərdir ki, Çindən Amerikaya qədər bütün səhnələrdə qoyulub. Hələ
günahkar bizik ki, çox yaya bilmirik. Məsələn, "Yeddi gözəl"i də
qoymalıyıq dünya səhnələrində. Musiqi, elə Üzeyir bəy özü bütün
tanklardan güclüdür, çünki hələ ki, tank istifadə edə bilmirik,
Üzeyir bəyin "silahı" isə bütün dünyada işlədilə biləcəyimiz
"silah"dır".
Fərhad Bədəlbəyli daha bir maraqlı faktı açıqlayıb: "Musiqili
Komediya Teatrını atam Şəmsi açıb, ilk dəfə də Niyazi "Arşın mal
alan"ı orkestrovka etmişdi. Üzeyir bəy bunu eşidib əsəbiləşmişdi
ki, mənim əsərlərim övladlarımdır, heç qardaşım oğluna da onlara
toxunmağa icazə vermirəm. Sonra musiqini dinləyəndə xoşuna
gəlmişdi. Libretto da gözəldir, ariyalar da, hər şey gözəldir bu
əsərdə. 100 il sonra da yaşayacaq. Atamdan soruşdum ki, niyə Üzeyir
bəy açdığı konservatoriyada rektor olmadı? Burada erməni də rektor
olub, amma Üzeyir bəy yox? Dedi, Əfrasiyab danışırdı ki, həmin
vaxtlar Üzeyir bəy hər gün onu həbs edəcəklərini gözləyirdi, çünki
doğma qardaşı Ceyhun bəy xaricdə siyasi fəaliyyətlə məşğul olurdu.
Bolşeviklər ona etibar etməyiblər. 38-ci ildən sonra Stalin
"Koroğlu" operasını bəyəndi və özü Üzeyir bəyin partiyaya
namizədliyini təklif etdi. Yalnız bundan sonra Üzeyir bəyi rektor
təyin etdilər. Yenə incimədi, işlədi, çalışdı. Konservatoriyanın
üstündən adını götürdülər, mən lövhənin götürülməsinə icazə
vermədim, prezidentdən adın bərpası barədə xahiş elədim. Sağ olsun,
bərpa elədi.
Səid Rüstəmov çox yeyən olub. Gəlib bir dəfə Üzeyir bəyin yanına.
Yemək gəlib süfrəyə, Səid deyib ki, mən indicə bir qazan yemək
yeyib gəlmişəm. Üzeyir bəy deyib yox, mən sənsiz yeməyəcəyəm. Bir
qab aş gəlib hərəsinə. Üzeyir bəy başını qaldırıb ki, Səidin qabı
boşdur, ikincini də gətirdib, üçüncünü də, özü hələ bir qabı yeyib
bitirmədən. Axırda deyib, Səid, nə yaxşı ki, yeyib gəlmişdin".
BMA rektoru işğal olunan torpaqlarımızdan da danışıb: "Şuşanın
yoxluğu Üzeyir bəyin, Bülbülün, Əfrasiyabın, Rəşidin, bizim
hamımızın yoxluğudur. Şuşa bizim bütöv tariximizdir. Biz uşaq vaxtı
Ermənistandakı torpaqlardan söhbət düşəndə deyirdik niyə Zəngəzur,
Göyçə deyirsiniz, oralar Ermənistandır axı. Atam deyirdi ki, onlar
hamısı bizim torpaqlardır, bunu bilin. Bizim idi, tarix başqa qərar
verdi. Mən qorxuram bu tarix gələcəkdə Şuşa ilə də təkrarlana.
Xaricdə musiqiçilərə mütləq Şuşadan danışıram, çalışıram
azərbaycanlı üçün Şuşanın nə olduğunu başa salım. Şuşaya Vaqifin
məqbərəsinin açılışına getmişdik. Külək yox, narın-narın qar yağır
Şuşanı həmişə yuxumda belə qarlı görürəm. Görürəm ki, qar yağır,
atam sağdır və mən xoşbəxtəm. Bütün titullarımı Şuşada bir məktəb
açmağa dəyişərdim. İşimi davam etdirməyi də gözəl musiqiçilərimizə
tapşırardım. Özüm isə Niyazini, atamı, anamı görmək üçün o dünyaya
tələsərdim. Hamıya da deyərdim ki, çalışın, yaxşılıq edin".