Müğənnilərimizin musiqi albomları ilə bağlı böyük dərdi

15 Noyabr 2013 16:33 (UTC+04:00)

Rəşad İlyasov: "Bizdə albom satışından qazanc əldə etmək mümkünsüz hala çevrilib"

Bu gün albomlarının satışından milyonlarla dollar gəlir əldə edən müğənnilərin olması heç kimə sirr deyil. Onların albomların satış həcmi yüz minlərlə ölçülür. Dünya musiqi aləminə  nəzər salmaqla bu xüsusda kifayət qədər nümuqə göstərmək olar. Lakin nədənsə, Azərbaycan müğənniləri həmişə albom satışından şikayət edirlər, heç bir gəlir götürmədiklərini bildirirlər

Maestro Ceyhun Mövqe.az-a açıqlamasında bu xüsusda qeyd edir: "Biz albom buraxılışından heç qara qəpik də əldə etmirik. Ona görə də get-gedə albom buraxılışına maraq sıfıra enir. Albomdan qazanc götürə bilməməyimizin tək səbəbi piratçılıqdır. Bizdə piratçılara qarşı mübarizə hələ istənilən səviyyədə deyil.  Mən əzab -əziyyət çəkib, albom çıxarıram, aparıb "talkuçka"da həmin 5 albomdakı mahnıların surətini çıxarırlar  və 50 qəpiyə satırlar. Əlbəttə ki, hamı ucuza üz tutur. Təsəvvür edin, bir mahnı bəzən bizə 5-10 min manat arası başa gəlir. Albomda da ki, 10 mahnı olur. Təsəvvür edin, o alboma çəkilən xərci və qarşılığında bir qəpik belə əldə etməməyimizi... Həqiqətən də, insana çox pis təsir edir. Bir nəzarət qurumu olsaydı, bu piratçılarla mübarizə aparardı".

Müğənni Rəşad İlyasov isə qeyd edir: "Bilirsiniz, albomdan gəlir əldə etməmək ümumbəşəri problemdir. Sadəcə, Azərbaycanda bu problem daha qabarıq şəkildə özünü büruzə verir. Bizim müğənnilər albomdan bir qəpik də qazanmır. Səbəblər aydındır. Bilirsinizmi, bir albomun ərsəyə gəlməsi üçün müğənni nə qədər xərc çəkir? Amma qazanc əldə edə bilmir. Çünki internet belə geniş vüsət alıb. Bundan başqa,insanların fikirləri başqadır. Hamı albom əldə etmək istəyir. Amma pul verib, həmin albomu almaq istəmir. Alternativ vasitələrə əl atırlar. Bizdə piratçılıq da var. Piratçılar tərəfindən düzəldilən albomlar daha ucuz olur. Alıcıya da o sərf edir. Keyfiyyət həmin albomlarda bilinməsə də, ancaq alıcıları çox olur. Bu səbəblərdən bizdə albom satışından qazanc əldə etmək mümkünsüz hala çevrilib. İnanmıram ki, bu problem tezliklə öz həllini tapa bilsin. Zaman keçdikcə, insanların psixologiyası dəyişdikcə, tamaşaçılarda keyfiyyətli musiqiyə maraq artdıqca, albom satışından da gəlir götürmək mümkün olacaq".