İcbari tibbi sığortanın gecikməsinin daha bir fəsadı üzə çıxır

16 Noyabr 2013 08:02 (UTC+04:00)

Son illərin təhlili ölkədə səhiyyə sahəsinə ayrılan xərclərin həcminin əhəmiyyətli dərəcədə artdığını göstərir. Təbii ki, bu hal müsbət dəyərləndirilməlidir və ölkədə iqtisadi siyasətin sosialyönümlü xarakter daşımasının əyani təsdiqidir. Artan xərclər səhiyyə sahəsində lazım olan infrastrukturun yaradılmasına imkan verir, tibb işçilərinin məvaciblərinin yüksəlməsi ilə müşayiət olunur.

Lakin burada diqqət cəlb edən digər bir nüans isə odur ki, səhiyyənin bütün əsas xərcləri büdcənin üzərinə düşür. Halbuki, icbari tibbi sığorta tətbiq edilsəydi, tamam fərqli vəziyyət yaranardı.

Bu barədən danışmazdan öncə qeyd edək ki, 2003-2013-cü illərdə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış xərclər 11 dəfə artıb. Belə ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon manat təşkil edirdi. 2008-ci ildə isə dövlət büdcəsindən səhiyyəyə ayrılmış vəsaitlər 558 milyon manata çatdı. 2012-ci ildə artıq bu xərclər 660 milyon manatı keçmişdi. 2013-cü ilin dövlət büdcəsində Azərbaycanda səhiyyə xərcləri üçün 666,3 milyon manat ayrılıb. 2014-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 725,6 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz, 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 116,2 milyon manat və ya 19,1 faiz çoxdur. Gələn il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

Ayrılan vəsaitin 367,2 mln manatı və ya 50,6 faizi xəstəxanaların, 106,1 milyon manatı və ya 14,6 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı və ya 33,2 faizi səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək. İlk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5 milyon manat vəsait ayrılıb. Beləliklə, xərclərin artım dinamikası səhiyyəyə son 10 ildə kifayət qədər böyük vəsaitin ayrıldığını göstərir. Bu artım isə məhz dövlət büdcəsi hesaıbna reallaşıb. Halbuki, icbari tibbi sığorta tətbəiq edilsəydi, həm artımın miqdarı daha böyük olardı, həm də büdcəyə bu qədər yük düşməzdi.

Halbuki, ekspertlər isə bu sığorta növünün tətbiqinin artıq çoxdan həyata keçirilməli olduğunu bildirir, lakin bunun reallaşmasının əsl müəmmaya döndüyünü qeyd edirlər. Maraqlıdır ki, ölkəmizdə də icbari tibbi sığortanın tətbiq edilə bilməsi üçün lazımı şərait var. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir. 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari Tibbi Sığorta Haqqında" Qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu iş üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının hazırkı durumu da buna imkan verir. Son illər ərzində bu sahədə çox ciddi islahatlar aparılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin də müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqinin gecikməsi həqiqətən də müəmmadır. Hesab edilir ki, səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatların aparılması yolu məhz icbari sığortanın tətbiqindən keçir. "Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası"nda da qeyd olunur ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sistemində hazırkı problemlərin aradan qaldırılmasının ən real yollarından biridir. Sözügedən konsepsiya 2008-ci ildə, müvafiq sahədə qanun isə 2009-cu ildə qəbul edilsə də, icbari tibbi sığorta hələ tətbiq olunmayıb. Yuxarıda qeyd olunduğu kimi isə bu sığorta növünün tətbiqi səhiyyədə daha çox maliyyələşməyə yol açardı.