"O səs Türkiyə" yarışmasına hamını heyran qoyan Tugcə:"Əslən azərbaycanlıyam"

16 Noyabr 2013 11:15 (UTC+04:00)

Türkiyənin Star Televiziyasında yayımlanan "O Səs Türkiyə" yarışmasının bu həftə yayımlanan bölümündə əslən azərbaycanlı Tugce Gendigələnin çıxışı haqqında bu gün Azərbaycanda çox danışılır.

Jüri masasında oturan 4 ünlü səs sahibi gənc qızı seçmək üçün demək olar ki, çox ciddi mücadilə etdi və nəhayət o, ikinci mərhələyə keçə bildi.

"Rəngarəng" adlı mahnını 3 dildə oxuyan Azərbaycan gözəlinin seçimi isə Ebru Gündəş oldu. Tugcə hazırda media qarşısına çıxıb müsahibələr verə bilmir. Onunla qısa müsahibəni BBC Azərbaycanca üçün Türkiyədə Məhsəti Şərif aparıb.

- Əvvəlcə səni tanıyaq.

- 23 yaşım var, Konyada doğulmuşam. Sonra ailəm Ankaraya köçüb. Orda böyümüşəm. Hazırda Esgişehir Anadolu Universitetinin İngilis dili müəllimliyində oxuyuram. 3-cü kurs tələbəsiyəm.

- Amma sizi həm yarışmada, həm də elə bütün xəbərlərdə Azəri gözəli olaraq təqdim edirlər.

- Düzdü. Bu bilgini də mən vermişəm. Yarışmaya gəlmədən öncə doldurduğumuz formada da yazmışam ki, əslən azərbaycanlıyam. Mənim atam, anam oralıdır. Onların babaları İrəvandan və Naxçıvandan Konyaya köçüb. Mən belə bilirəm. Böyüklərimdən belə eşitmişəm. Zatən mənim üz quruluşum, görünüşüm də azərilərə bənzəyir.

- Azərbaycan haqda nə bilirsiniz?

- Maləsəf sizə bu barədə danışacaq qədər çox şey bilmirəm. Ümümi şeylərlə kifayətlənmişəm. Amma kökümü bilirəm.

- Qara uzun saçlar və Şakira rəqsi və möhtəşəm səs. Sənlə baglı araşdırma apararkən yanlız bunları oxudum.

- Mənim haqqımda hələki başqa nə deyə bilərlər? Çünki bunu görüblər. Əsas səsimdir, elə deyilmi?

- İnciməsəniz bir şeyi də deyərəm.

- Buyurun

- Bir xəbər saytında sizi uzun saçlı "Kəzban" adlandırıblar. Bir də sizin gecə klublarında oxuduğunuz yazılıb...

- Qara uzun saçlı Kəzban? Qoy desinlər, bir gün onların Kəzban dedikləri bir neçə dil bilən, Universitet oxuyan qız Türkiyədə çox irəlidə olacaq. Mən gecə klubunda, yalnız dostlarımla gedəndə həvəs üçün oxumuşam. Qazanc üçün yox.

- Musiqi ilə nə vaxtdan ilgilənirsiniz?

- 23 yaşındayam və 20-ə yaxın bəstəm var. Bunu demək yetərlidi məncə.

- 5 il sonra Tugcə özünü harda görür?

- İrəlidə, çox irəlidə. Hələki bunu deyə bilərəm. Konkret yer və ya mərtəbə göstərə bilmərəm. Çünki 5 il sonra həyat məni başqa yönə də çəkə bilər.

- Səsiniz və rəqsinizlə Hadisəyə daha yaxınsınız. Niyə Ebru Gündəş?

- Onunla daha irəli gedəcəyimə inandım. Jürinin hər birinə sayğım var.

- Birinci olacağınıza inanırsınız?

- Əlbəttə, buna inanmasam yarışmaya gəlməzdim.