Nicat Dağlar: "Mənim həyatda qalmagım üçün dövlətimiz hər şeyi etdi"

17 Noyabr 2013 01:34 (UTC+04:00)

Müalicəsini davam etdirmək üçün 11 gün öncə Almaniyaya yola düşən jurnalist Nicat Dağlar Vətənə dönüb. APA-nın məlumatına görə, onu Bakı Beynəlxalq Hava Limanında yaxınları və həmkarları qarşılayıb. Leykoz xəstəliyindən müalicə olunan Nicat Dağlar APA-ya açıqlamasında bildirib ki, müalicənin növbəti mərhələsi də uğurla başa çatıb: "Müayinələr göstərdi ki, xəstəlik müalicəyə tabe olur və orqanizm özünü bərpa edir".

Nicat Dağlar onun müalicəsi ilə baglı göstəriş verdiyinə görə, prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib: "Mənim həyatda qalmagım üçün dövlətimiz hər şeyi etdi. İkinci müalicə kursu da bilavasitə dövlətin vəsaiti və nəzarəti ilə həyata keçirildi".
Jurnalist onu da deyib ki, 20114-cü ilin fevral ayında üçüncü dəfə Almaniyaya yola düşəcək: "Sonuncu müayinə və müalicə kursundan keçməliyəm. Bu dəfə bel nahiyəsindən onurğaya müdaxilə edib iliyi daha dərindən müayinə edəcəklər. İnanıram ki, bu müayinələr də yaxşı nəticələr verəcək. Özümü çox yaxşı hiss edirəm və artıq xəstəlik barədə deyil, yeni layihələr, yazılar barədə düşünürəm".

 Qeyd edək ki, prezident İlham Əliyev Nicat Dağların müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Nicat Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunub.