Mustafa Abbasbəyli: "Kasko sığortanövü mütədamadi olaraq inkişaf edən bir sahədir"
Azərbaycanda avtomobil qəzaları zamanı dəymiş maddi ziyan, adətən, sürücülərin özləri hesabına ödənilir. Düzdür, bu sahədə icbari siğorta tətbiq olunur. Lakin, icbari sığorta tərəflərin zərərini kifayət qədər qarşılamır. Xüsusən də yol qəzasında günahkar olan sürücünün. Bu baxımdan, ən yaxşı çıxış yolu kasko siğortadır. Kasko sığorta növü insanların qarşısında geniş imkanlar qoyur. Belə ki, bu sığorta növü avtomobil sahiblərini hər cür nəqliyyat hadisəsindən, oğurluqdan, təbii fəlakətlərdən, hətta sürücü təqsirli olduğu halda belə baş verən qəzalardan maliyyə cəhətdən sığorta edir. Tərəflərin ziyanları tam olaraq ödənilir. Lakin bütün bu üstünlüklərinə baxmayaraq, çox az sayda sürücü kasko siğortaya müraciət edərək, onun imkanlardan yararlanır. Bunun səbəbləri ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Yol təhlükəsizliyi üzrə ekspert Azər
Allahverənov bunun səbəbini kasko siğortanın yüksək məbləği və
əhali arasında maarifləndirmə işlərinin kifayət qədər aparılmaması
ilə izah etdi: "Düşünürəm ki, Azərbaycanda sığorta sahəsinə
insanlar çox az etibar edirlər. Düzdür, bu ildən-ilə çoxalır. Ötən
ilin təcrübəsinə baxdıqda, nəqliyyat vasitələrini sığorta etdirən
insanların sayı artıb. Amma artım templəri o qədər sürətlə getmir
ki, deyək, bu, kifayət qədər məşhurlaşmış bir siğorta sistemidir.
İnsanlar bu gün daha çox icbari sığortaya üstünlük verirlər. Ona
görə ki, icbari sığortanın məbləği daha aşağıdır. Burada nəqliyyat
vasitəsinin mühərriklərinin həcmindən asılı olaraq sığorta haqqı
dəyişsə də, bu, elə də böyük fərq kəsb etmir. Kasko sığorta üçün
nəzərdə tutulan sığorta haqqının yüksək olması isə öz ümumi dəyəri
çox da yüksək olmayan avtomobil sahibkarlarına sərf eləmir. Ona
görə də, sürücülər daha çox icbari sığortaya üstünlük verirlər.
İcbari sığorta olunmuş nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş
sığorta məbləği aşağıdır və sürücülər düşünür ki, kasko sığortaya
ödəniləcək məbləği avtomobilin bu və ya digər ehtiyat hisəsinin
dəyişdirilməsinə və ya bərpasına yönəltmək olar. Burda ciddi
məsələlərdən biri ondan ibarətdir ki, kasko sığortanın məbləği
icbari sığorta ilə müqayisədə çox yüksəkdir. Bu, bütün sürücülərin
imkanı daxilində ola bilən bir məsələ deyil. İkinci məsələ isə,
istər icbari, istər kasko sığorta olsun, ümumiyyətlə, Azərbaycan
mühitində sığorta ilə bağlı məlumat kifayət qədər deyil. Reklamı
yaxşı aparılmır ki, insanlarda buna inam yaransın. Təbii ki,
avtomobili bahalı olan sürücülər kasko sığortasına müraciət
edirlər. Ən azından kasko sığortanın icbari sığorta ilə müqayisədə
təklif elədiyi şərtlər bahalı avtomobili olan insanlara daha
uyğundur. Amma bununla belə, onlar arasında da kasko sığortadan
istifadə edənlərin sayı elə də çox deyil.
Biz son zamanlar baş verən avtonəqliyyat qəzaları ilə bağlı məlumat toplamağa çalışırıq. Bu zaman müşahidə edirik ki, qəza zamanı kasko sığortadan istifadə edən tərəflərin hər ikisinin zərərləri bərabər şəkildə ödənilir. Lakin icbari sığorta zamanı əks tərəf, qəzada günahkar olmayan tərəf daha çox bundan xeyir görür. Bu cəhətdən kasko sığortanın imkanları daha böyükdür. Sadəcə olaraq, kasko sığorta haqqında insanların məlumatı azdır. Və bundan başqa, dediyim kimi, kasko sığortanın məbləği məsələsi bu işdə maneədir. Düşünürəm ki, bu məsələni gündəmdə saxlamağa ehtiyac var. Sığorta polisi üçün nəzərdə tutulan məbləğə yerində baxılmalıdır. Və elə bir hədd müəyyən olunmalıdır ki, insanlar maşının mühərrikindən asılı olaraq, ümumiyyətlə, maşının ümumi məbləğindən asılı olaraq kasko sığortaya müraciət etsinlər . Bu gün qiyməti 5 min manat civarında olan Rusiya istehsalı bir avtomobil sahibi əlbəttə ki, kasko sığortaya müraciət etməyəcək. Çünki, kifayət qədər yüksək məbləğ müəyyən olunub. Düşünürəm ki, bu iki məsələ həllini tapmalı, bu sahədə mühüm müzakirələr aparılmalıdır".
Sığorta üzrə ekspert Xəyal
Məmmədxanlı məsələyə belə münasibət bildirdi: "Əhalinin yarısı
könüllü olaraq kasko sığortaya müraciət edir. Yarısı isə kredit
yolu ilə avtomobil əldə etdiyinə görə, məcburi müraciət edir. Yəni,
bu gün əslində, sığorta növləri içərisində ən çox müraciət
olunanlardan biri kasko sığortasıdır. Bizdə bu siğortaya müraciət
edən əhalinin sayı heç də az deyil. Sadəcə olaraq, könüllü şəkildə
müraciət edənlərin sayı digərlərindən daha azdır. Bu da onunla
bağlıdır ki, insanlar sadəcə olaraq, bu sığortanın əhəmiyyətini
kifayət qədər dərk etmirlər. Və yaxud da düşünürlər ki, mən yaxşı
sürücüyəm və mənə heç nə olmaz. Ona görə məcbur qalmadıqları
müddətcə müraciət etmirlər. Yoxsa, əksər hallarda bu gün
ümumiyyətlə, Azərbaycanda avtomobillərin yarıdan çoxu sığortalı
vəziyyətdədir. Xüsusilə də, söhbət yeni avtomobillərdən
gedir".
Digər bir siğorta üzrə ekspert
Mustafa Abbasbəyli isə, Azərbaycanda kasko sığortya müraciət
edənlərin sayının kifayət qədər olduğunu bildirdi: " Bizdə,
xüsusilə, banklar tərəfindən verilən kreditlə alınan avtomobillərin
kasko sığortası olur. Ona görə də, düşünürəm ki, kasko sığorta
bizdə kifayət qədər inkişaf edib. Düzdür, bu, əhalinin kredit
götürməyən hissəsi arasında zəif yayıla bilər. Bunun səbəbi də
ondan ibarətdir ki, bu sığorta növü yenidir. Bir müddət keçməlidir
ki, insanlar məlumatlansın. Bunun bəhrəsini görsün və anlasınlar.
Başa düşsünlər ki, bu sığorta insanlara nə verə bilər. Yəni,
tədrici bir prossesdir. Kasko sığortanövü mütədamadi olaraq inkişaf
edən bir sahədir".